Milli Məclis üzvləri Avropa Parlamentinə etiraz ediblər

Milli Məclis üzvləri Avropa Parlamentinə etiraz ediblər
# 30 aprel 2013 10:14 (UTC +04:00)

APA-nın məlumatına görə, vitse-spiker Valeh Ələsgərov bildirib ki, Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatlarının Dağlıq Qarabağa səfəri qəbul edilməzdir. V. Ələsgərov Cənubi Kipri ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırıb. Vitse-spiker Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi barədə danışaraq bunun islamofobiyanın nəticəsi olduğunu bildirib.

Deputat Fazil Mustafa isə Avropa Parlamentinin Fransa və Cənubi Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərlərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan etdiyini qeyd edib: “Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsində sədrlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?”

Spiker Oqtay Əsədov isə Ermənistandan sonra Avropa Şurası Nazirlər Komitəsinə Azərbaycanın rəhbərlik edəcəyini nəzərə çatdırıb: “Lakin gənclər, ictimai-siyasi qüvvələr ikili standartlara münasibət bildirməlidirlər”.

Vitse-spiker Bahar Muradova da Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini tənqid edib: “Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir? Həmin şəxslərə üz tuturam, sizin səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib? Bu barədə də müzakirələr açılmalıdır. Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdə əlinizi, dilinizi saxlayın. Bu onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidirlər”.

Spiker Oqtay Əsədov isə müxalifətin Bahar Muradovanın çağırışına səs verəcəyinə inanmadığını bildirib.

Millət vəkili Qənirə Paşayeva da Avropa Parlamentinin 6 deputatının Dağlıq Qarabağa qanunsuz səfərinə etirazını bildirib. Q.Paşayeva deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edən parlamentarilər nəinki öz əməllərindən peşman olurlar, hətta səfərlərindən sonra Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan Xarici İşlər Nazirliyinə qarşı ittiham dolu bəyanatlar səsləndirirlər: “Bir müddət öncə Fransadan olan bir parlamentari onun arzuedilməz şəxs elan olunması ilə bağlı Elmar Məmmədyarova narazılığını bildirmişdi. Biz bu məsələlərlə bağlı mövqeyimizi ortaya qoymaqdan çəkinməməliyik. İşğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməliyik”.

Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin uğurlu qərarların qəbuluna nail olduqlarını deyib: “Həm də qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciətləri də var. Biz işimizi gücləndirməliyik. Təbii ki, Avropa Parlamenti bu səfəri deputatların öz mövqeyi adlandıracaq. Biz həmin deputatların mənsub olduğu partiyalarla işi artırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR