Azərbaycanla Türkiyənin ortaq tarixinin ümumi planı hazırlanacaq

Azərbaycanla Türkiyənin ortaq tarixinin ümumi planı hazırlanacaq
# 30 yanvar 2013 14:45 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan və Türkiyənin ortaq tarixinin ümumi planı hazırlanacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Bakıda bütün türkdilli ölkələrin tarixçilərindən ibarət konfrans keçiriləcək: “O görüşün nəticəsinin necə olmasından asılı olmayaraq, qərara gəlinib ki, Azərbaycan və Türkiyə tərəfi ümumtürk tarixinin ümumi planını hazırlasın və onun yazılmasına başlasın. Bundan sonra ortaq ümumtürk tarixinin ilkin variantı digər türkdilli ölkələrə göndəriləcək. Bu işdə Azərbaycan öndə gedir. Artıq Azərbaycanın orta məktəblərinin 7-8-ci sinif dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir. Məsələ qaldırılıb ki, bu, bütün türkdilli ölkələrdə keçiriləcək”.

Y.Mahmudov qeyd edib ki, Azərbaycan və Türkiyə ortaq tarixin yazılması prosesini uzlaşdırmalıdır: “Azərbaycanla Türkiyə arasında tarix məsələsində heç bir ixtilaf yoxdur. Sadəcə, biz ortaq tariximizi uzlaşdırmalıyıq. Biz Sultan Səlimə, Sultan Süleymana necə münasibət bəsləyiriksə, Səfəvi tarixi, Ağqoyunlu tarixi də o dərəcədə Türkiyədə sevilməlidir. Əmir Teymuru özbəklər necə sevirsə, Azərbaycanda və Türkiyədə də o cür sevgi aşılanmalıdır. Türkün tarixi şəxsiyyətləri və türkün yaratdığı mədəniyyət bütün türk ölkələrində eyni dərəcədə sevdirilməlidir”.

Qeyd edək ki, ortaq türk tarixinin yazılması barədə qərar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə prezidenti ilə görüşündə razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR