Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına bu ilin dövlət büdcəsindən 1,3 mlrd. manat sərf edilib

Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına bu ilin dövlət büdcəsindən 1,3 mlrd. manat sərf edilib
# 09 oktyabr 2014 09:00 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1,292 mlrd. manat vəsait sərf edilib.

APA-Economics”in xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, hesabat dövründə əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin turizm və idman potensialının genişləndirilməsi, xalqımızın nadir incilərindən olan xalçaçılığın təşviqi, milli mədəniyyətin öyrənilməsi və digər sahələr üzrə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdirilən bir sıra layihələr istifadəyə verilmişdir, o cümlədən Bakı Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni Xalça Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə, Milli Gimnastika Arenası, Göygöl Olimpiya İdman Kompleksi.

Nazir bildirib ki, nəqliyyat sahəsində ölkəmizin tranzit potensialının gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olacaq, Qafqaz və Orta Asiya məkanında ən iri hesab olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalı istismara verilib.

Naxçıvan Muxtar Respublikasında “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının tikintisi başa çatdırılıb.

S. Şərifovun sözlərinə görə, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2014-cü ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257 mln. manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq prezidentin ehtiyat fondundan 29 mln. manat vəsait ayrılıb.

O, qeyd edib ki, ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində hesabat dövründə 60 mln. manat ayrılıb, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620 mln. manata çatdırılıb.

Naxçıvan Muxtar Respublikasının, ölkənin rayon və şəhərlərinin əhalisinin içməli su ilə təmin edilməsi üçün ilin əvvəlindən 256 mln. manat vəsait sərf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR