Müsavat başqanının müavini Lənkəran polisinə çağırılıb

Müsavat başqanının müavini Lənkəran polisinə çağırılıb
# 01 mart 2013 12:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) çağırılıb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çağırış bu il yanvarın 13-də Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran təşkilatının bərpasının 20 illik yubiley tədbirində iştirak etmək üçün bu şəhərə səfəri zamanı baş verən hadisə ilə bağlıdır.

Məlumatda o da qeyd olunub ki, G. Aslanlı hadisə ilə bağlı yanvarın 18-də Baş Prokurorluğa müraciət edərək, baş verən hadisənin siyasi motivlə edildiyini və hadisəni törədən şəxslərin əməlində Cinayət Məcəlləsinin 277-ci maddəsinin - terror aktının cinayət tərkibinin əlamətləri olduğu, ictimai xadimin fəaliyyətinə son qoymaq məqsədilə edildiyini bildirib. Baş Prokurorluq şikayəti yanvarın 18-də qeydə alıb. Fevralın 6-da Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Mübariz Əhmədovun imzası ilə G. Aslanlıya ünvanlanan məktubda bildirilib ki, onun Baş Prokurorluğa daxil olan müraciəti baxılması üçün Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Abdullayevə göndərilib. Martın 1-də G. Aslanlının ünvanına daxil olan teleqramda isə bunlar bildirilib: “Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığınız şikayət ərizəniz Lənkəran şəhər rayon polis Şöbəsinə daxil olub. Həmin ərizənin araşdırılması ilə bağlı şəxsiyyətinizi təsdiq edən sənədlə Lənkəran ŞRPŞ-ə gəlməyiniz zəruridir”.

Teleqramda konkret olaraq gün və saat göstərilməsə də, G. Aslanlı sabah səhər saatlarında dəvət olunan ünvanda olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR