Bu ilin I yarısında telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66%-i mobil operatorların payına düşüb

Bu ilin I yarısında telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66%-i mobil operatorların payına düşüb
# 25 iyul 2014 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin I yarımilliyi ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13,0% artaraq 761,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 12,8%, İT sektorunda 11,4%, poçt sektorunda 8,7%, informasiya sektorunda isə 27,7% təşkil edir.

APA-Economics”in xəbərinə görə, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında bildirilib.

Məlumata görə, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,2 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,1%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 10,0 % təşkil edib.

Həmçinin I yarımillikdə ölkə üzrə ÜDM-in həcmi 28,74 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 2,1 % təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7% olub. Qeyri-neft ÜDM-in həcmi 16,17 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 7,0 % təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,1% təşkil edib.

Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsədi ilə RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 30,3 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə, informasiya, rabitə və poçt sektoruna 62,5 mln. manat investisiya qoyulub və bu, ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın 0,8%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR