Nazirlik: 5 yaşlı uşaqlar üçün açılacaq məktəbə hazırlıq qrupları bütün ölkəni əhatə edəcək

Nazirlik: 5 yaşlı uşaqlar üçün açılacaq məktəbə hazırlıq qrupları bütün ölkəni əhatə edəcək
# 14 iyul 2016 15:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Artıq yeni tədris ilindən (2016-2017-ci tədris ilindən) başlayaraq Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları açılacaq. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” qərarında nəzərdə tutulduğu kimi bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək. Onun sözlərinə görə, hədəf 2020-ci ilə qədər uşaqların məktəbə hazırlıqla əhatə dairəsini 90 faizə çatdırmaqdır. Bunun vaxtında verilən qərar olduğunu deyən şöbə müdiri qeyd edib ki, bu proses təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək: “Çünki qərar ibtidai təhsilə yönəlib və məktəbə hazırlığın təşkili ibtidai təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, təhsil qanunu da əsas prinsiplərindən biri kimi ibtidai təhsildə uşaqların bərabər şəraitdə təhsil almasına şərait yaradır. Bununla bağlı işlər görüləcək və müəyyən təşkilatı işlər aparılacaq”.

A.Əhmədov vurğulayıb ki, bu qərar ilk olaraq 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacaq. Bununla bağlı statistik göstəricilərin olduğunu deyən şöbə müdirinin sözlərinə görə, rayonlara müəyyən tapşırıqlar verilib və ilk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib: "Ortaya çıxan suallardan biri də ondan ibarətdir ki, bu məktəbəqədər müəssisələr məktəbə hazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək. Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbə hazırlıq qrupları şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR