Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı cinayət işi üzrə məhkəmə başlayır.
Baş Prokurorluğun Mətbuat xidmətində APA-ya verilən xəbərə görə, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.
22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.