DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən APA-ya verilən xəbərə görə, noyabrın 11-i saat 23:00 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq, təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.
Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.
Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşidirilib. Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətə meyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır", məlumatda deyilir.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) dünən saat 23:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, 1994-cü il təvəllüdlü şəxsə bədənin dəqiqləşdirilməmiş çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.
1995-ci il təvəllüdlü digər şəxs komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona başın qapalı travması, döş qəfəsinin travması, qabırğaların sınığı diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs aparılan reanimasiya tədbirlərinə cavab verməyib. 12.11.2026-cı il tarixində saat 00:55 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Qeyd olunub ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Gülcahan İmanqızı
***
00.24
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Eşqin Abbasov və 1995-ci il təvəllüdlü Elgün Abbasov ölüb, 1994-cü il təvəllüdlü R. Səfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.