Azərbaycanda hemofiliyalı xəstələr üçün diaqnostik mərkəzlər yaradılacaq

Azərbaycanda hemofiliyalı xəstələr üçün diaqnostik mərkəzlər yaradılacaq
# 12 fevral 2013 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası (HXRA) İsveçrənin Novo-Nordisk Hemofiliya Fondu ilə razılaşma müqaviləsi imzalayıb. Bu barədə APA-ya HXRA-nın sədri Gülnarə Hüseynova məlumat verib. O bildirib ki, müqaviləyə əsasən, “Azərbaycan regionlarında vətəndaşlara xidmətin təkmilləşdirilməsi” layihəsinin icrası nəzərdə tutulub. Onun sözlərinə görə, artıq bu layihə çərçivəsində Azərbaycanda qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlarla bağlı yeni layihənin həyata keçirilməsinə başlanıb: “Layihə çərçivəsində ilkin olaraq yerlərdə hemofiliyalı xəstələrə tibbi xidmətin göstərilməsi üçün diaqnostik mərkəzlər yaradılması, kadr ixtisaslaşması aparılması, yerlərdə xəstələrin maarifləndirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihənin əsas hissəsi həkim, tibb bacıları və laborator mütəxəssislərin təkmilləşməsindən ibarətdir. Laborator avadanlıqların alınmasına və Azərbaycana gətirilməsi Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutacaq. Azərbaycanda daha çox hemofiliya xəstə Şirvan və Gəncədə olduğu üçün ilk növbədə həmin yerlərdə mərkəzlərin yaradılması planlaşdırılır. Bu mərkəzlər əsasən mərkəzi rayon xəstəxanalarında fəaliyyət göstərəcək. Gəncədəki mərkəzdən 13, Şirvandakı mərkəzdən isə 9 rayonun xəstələri tibbi xidmətdən yararlana biləcəklər”.

G.Hüseynova vurğulayıb ki, fevralın 18-dən 21-dək İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun eksperti Denize İnayxen Azərbaycanda səfərdə olacaq. O, səfər çərçivəsində Şirvanda mərkəzin yaradılacağı ərazi ilə tanış olacaq, eyni zamanda Səhiyyə Nazirliyinin məsul şəxsləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR