Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib - FOTOSESSİYA - VİDEO

Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 may 2015 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “British Amerikan Tobacco” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.

Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsilin inkişafı Azərbaycanın prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, təhsil sisteminin səmərəliliyi onun məzunlarının ölkənin sosial-iqtisadi inkişafına verə biləcəyi töhfədən asılıdır: “Tələbələrin təhsil aldıqları müddətdə yalnız son illərdə deyil, ilk illərdən müvafiq ixtisaslara istiqamətləndirilməsi, ali məktəblərin buraxdığı ixtisaslar üzrə əmək bazarında fəaliyyət göstərən dövlət və özəl şirkətlərlə əlaqələrin qurulması, onların gözləntilərinin təhsil prosesində əks edilməsi kimi çağırışlar təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biridir.

Nazir əlavə edib ki, gələcəkdə ali təhsil müəssisələri ilə işəgötürənlər arasında görüşləri bu formatda deyil, işçi, dəyirmi masa formasında keçirilməsinin tərəfdarıdır. O, tələbələrin əmək yarmarkalarının ənənəvi keçirilməsinin planlaşdırıldığını da vurğulayıb: "Düşünürük ki, belə tədbirin hər il keçirilməsi gələcəkdə məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına müsbət töhfəsini verəcək”.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, “Təhsilə dəstək”, “Yeniləşən Azərbaycana yeni məktəb”, uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi bu günədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasına yönəlib.

Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu və “British Amerika Tobacco” şirkətinin nümayəndəsi Zviad Şvitaridze də çıxışlarında yarmarkanın əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, yarmarkada ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar. Yarmarkada iştirak etmək üçün ölkənin əksər ali təhsil müəssisələrini təmsil edən 2700-dən çox tələbə qeydiyyatdan keçib. Budəfəki əmək yarmarkası əvvəlkilərdən fərqli olacaq. Belə ki, yarmarkada iştirak etmək istəyən tələbələrin CV-lər əvvəlcədən xüsusi yaradılmış sayta yerləşdirilib. Şirkətlər CV-lərə baxaraq öz vakansiyalarına uyğun tələbəni müəyyənləşdirib, onunla Əmək Yarmarkasında görüş təyin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR