Arif Hacılı: “Müsavat başqanlığına namizədlər arasında İsa Qəmbər olmayacaq” - MÜSAHİBƏ

Arif Hacılı: “Müsavat başqanlığına namizədlər arasında İsa Qəmbər olmayacaq” - <span style="color: red;">MÜSAHİBƏ
# 19 avqust 2014 09:42 (UTC +04:00)

- Arif bəy, Müsavat Partiyası qurultaya yer ayrılması məqsədilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyə qərar verib. Şəhər İcra Hakimiyyətinin cavabından asılı olmayaraq, partiya sentyabrın 27-də qurultayını keçirəcəkmi?

- Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarından əlbəttə ki, asılıyıq. Çünki yer ayrılması üçün səlahiyyət bu quruma məxsusdur. Biz qurultayın Bakı şəhərində 800-1000 nəfərin iştirak edə biləcəyi bir zalda və ya hansısa şadlıq evində keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlara başlayacağıq. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında da konkret tapşırıq verildi ki, müxtəlif şadlıq evlərinin rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparılsın.

- Qurultayın Müsavat Partiyasının qərargahında keçirilməsi mümkündürmü?

- Bu, sonucu variantdır. Düşünürəm ki, buna ehtiyac qalmayacaq və biz hər halda, daha geniş bir məkanda qurultayın keçirilməsinə nail olacağıq.

- Partiyanın bəzi üzvləri qurultayda İsa Qəmbərin yenidən başqan seçilməsini əngəlləyən müddəanın aradan qaldırılmasının tərəfdarıdır. Bu barədə Nizamnaməyə dəyişiklik nəzərdə tutulurmu və ya buna ehtiyac varmı?

- İsa Qəmbərin Müsavat başqanlığında qalmaq fikri olsaydı, bu, çox asanlıqla hələ uzun illər bundan əvvəl həll olunardı. Çünki partiyanın əksər üzvləri bu müddəanın dəyişdirilməsini təklif edirdi. Lakin İsa Qəmbər, hətta bu müddəa dəyişdiriləcəyi təqdirdə, başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Buna görə də, Müsavat başqanlığına namizədlər arasında İsa Qəmbərin adı olmayacaq.

- Müsavatda seçki kampaniyasına nə vaxt start veriləcək?

- Təşkilat Komitəsində qəbul olunan qərara görə, avqustun 27-28-dən etibarən başqanlığa, Mərkəzi Nəzarət və Təftiş Komissiyasına, sərbəst Məclis üzlüyünə namizədlərin irəli sürülməsi və paralel olaraq, təbliğat-təşviqat kampaniyasına başlanacaq.

- Təbliğat kampaniyası başlamazdan əvvəl artıq başqanlığa bəzi namizədlər öz kampaniyasını aparırlar. Bu kimi hallar Nizamnamə pozuntusu sayılmır ki?

- Biz təbliğat kampaniyasının qarşısını almaq istəmirik, əksinə, buna şərait yaratmağa çalışırıq. Əslində, təbliğatı bu dönəmdə tam şəkildə qadağan etmək də düzgün deyil. Ancaq hər bir namizədin öz seçki taktikası var. O taktikaya uyğun olaraq da fəaliyyət göstərirlər. Mən düşünmürəm ki, bu istiqamətdə indiyədək ciddi pozuntulara yol verilib. Bütün hallarda bir həftədən sonra təbliğat kampaniyasına start veriləcək.

- Bir müddət əvvəl “Facebook”da partiyanın Məclis üzvü Sevinc Hüseynova və Müsavat başqanının keçmiş müşaviri Yeganə Hacıyeva arasında sizin əleyhinizə olan yazışmalar yayılıb. Sizə qarşı bu münasibətin səbəbi nədir?

- Mən bunu bizim müzakirə edəcəyimiz qədər ciddi olmayan məsələ hesab edirəm. Buna görə də bu barədə danışmaq istəmirəm.

- KXCP-nin qərargahında İsa Qəmbərin təşəbbüsü ilə siyasi partiyalar həbs olunanların hüquqlarını müdafiə məqsədilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaratdılar. Paralel olaraq, Milli Şura da bununla bağlı müdafiə komitəsi yaradıb. Əsasən eyni şəxslərdən formalaşan bu birliklər nəyə görə ayrı-ayrılıqda təsis edilib?

- Siyasi partiyalar müdafiə komitəsi yaratmayıb. Onlar siyasi məhbusların azadlığa buraxılması, sayının artmasına müqavimət göstərilməsi və bu istiqamətdə cəmiyyətin fəallaşdırılması məqsədilə mərkəz yaradıblar. Milli Şura isə konkret olaraq Leyla Yunus və digər həbsdə olan hüquq müdafiəçilərinin azadlığa çıxması ilə əlaqədar müdafiə komitəsi təsis edib. Faktiki olaraq bu iki qurumun funksiyaları bir-birindən fərqlənir, ancaq nəticə etibarilə siyasi məhbusların azadlığa çıxması işinə xidmət edir.

- Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qatılmaması birmənalı qarşılanmır. Bəziləri iddia edir ki, təşəbbüs İsa Qəmbər tərəfindən irəli sürüldüyündən onlar toplantılarda iştirak etmirlər. Siz necə düşünürsünüz?

- Biz belə düşünmürük. Hesab edirəm ki, Milli Şura rəhbərliyi də bu məsələyə kifayət qədər aydınlıq gətirib. Xüsusi formada bir əlavəyə ehtiyac görmürəm.

- Milli Şura rəhbərliyi bu barədə mətbuata heç bir açıqlama verməyib. Onlar bunun səbəbini şəxsən sizə deyiblər?

- Cəmil Həsənlinin bu barədə açıqlamaları ilə tanışam. Mən vəziyyətin nədən ibarət olduğunu bilirəm və burada bir problem görmürəm.

- Vəziyyət nədən ibarətdir?

- Cəmil Həsənli bu məsələyə aydınlıq gətirib.

- AXCP sədrinin müavini Razi Nurullayev APA-ya açıqlamasında təmsil etdiyi partiyanın Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarında iştirak etməməsinə səbəb kimi intriqaları və AXCP-nin hədəfə alınmasını göstərib. Bu fikrə münasibətiniz necədir?

- Hansısa toplantıda iştirak edib-etməmək barədə qərar səlahiyyəti AXCP-yə məxsusdur və onlar öz qərarlarını qəbul etməkdə sərbəstdirlər. Müsavat Partiyası olaraq biz hesab edirik ki, Azərbaycan cəmiyyətində demokratik institutlarının müdafiəsinin səmərəli təşkili üçün siyasi partiyaların, funksional əməkdaşlıq mərkəzlərinin, eyni zamanda müxtəlif tipli müdafiə komitələrinin yaranması yalnız işin xeyrinədir. Ona görə də biz hər iki prosesdə iştirak edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR