«Bank Standard»ın depozit portfeli ötən il 24% artıb

«Bank Standard»ın depozit portfeli ötən il 24% artıb
# 14 fevral 2013 12:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 799,353 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,0% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın hesabatında göstərilir.


Hesabat dövründə bankın kredit portfeli 29,3% artaraq 574,681 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 139,919 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 54,0% çoxdur.

Bankın depozit portfeli 2012-ci ildə 23,9% artaraq 538,966 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 451,263 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 21,0% çoxdur.


Ötən il ərzində bankın nizamnamə kapitalı dəyişməz qalaraq 75 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində «Bank Standard»ın cəmi müştərilərinin sayı 46,6% artaraq 174 828, o cümlədən fiziki şəxslərin sayı 47,2% artaraq 171 532, hüquqi şəxslərin sayı 21,7% artaraq 3 296 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü ilin yanvarın 1-nə 42 507-yə bərabər olub ki, bu da illik müqayisədə 26,5% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 19,3% artaraq 26 450-yə, kredit kartların sayı 40,5% artaraq 16 057-yə çatıb.

Hazırda bankın ölkə üzrə 17 filialı, 146 bankomatı, 1 882 POS-terminalı fəaliyyət göstərir. Bankın 447 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR