Azərbaycan XİN: Ermənistanın Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi danışıqlara xələl gətirir

Azərbaycan XİN: Ermənistanın Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi danışıqlara xələl gətirir
# 20 noyabr 2014 16:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərin keçirilməsi Soçi, Nyuport və Parisdə keçirilmiş danışıqların ruhuna uyğun deyil və münaqişənin nizamlanmasında etimad quruculuğuna xələl gətirir”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.


Ermənistan silahlı qüvvələrinin 47 min nəfərədək şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının iştirakı ilə Azərbaycanın işğal altındakı ərazilərində genişmiqyaslı təxribatçı təlimlərin keçirməsinə toxunulan bəyanatda qeyd olunub ki, noyabrın 12-də Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında vurulmuş hərbi helikopter İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olub, onun heyət üzvləri isə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olub: “Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün, Azərbaycanın ərazilərinin işğalında birbaşa iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir təzahürüdür. BMT Təhlükəsizlik Şurasının 853 saylı 1993-cü il tarixli qətnaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Ağdam rayonu və Azərbaycanın bütün digər işğal edilmiş ərazilərinin işğalını pisləyir, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.

Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini icra etməyən Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməklə yanaşı beynəlxalq hüquq, BMT TŞ-nın qətnamələri və atəşkəs rejimini nümayişkəranə pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir.

“Ağır texnikadan istifadə, Azərbaycanın işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycanın mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapıb. Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Rusiya prezidentinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçidə, ABŞ dövlət katibinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uelsdə və Fransa prezidentinin təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilib. Hər üç görüşdə özünü biruzə verən müsbət meyllər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi. Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və həmsədr ölkələrin səylərinə uyğun deyil, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün aparılan danışıqlarda etimad quruculuğuna xələl gətirir”, - deyə bəyanatda vurğulanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR