Zəngəzur Milli Parkında bəbirin ilk fotosu çəkilib - FOTO

Zəngəzur Milli Parkında bəbirin ilk fotosu çəkilib - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 10:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetkin fərdinin ilk fotoşəkli çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fotoşəkil Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı çəkilib. Bəbir gənc dişi fərd olub. Bu cür fərdlər uyğun mühitdə yaşayaraq davamlı populyasiyanın yaranmasında mühüm rol oynayır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Qırmızı kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə ETSN tərəfindən onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli Parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb.

Xatırladaq ki, bu il oktyabrın 13-də Moskvada IDEA beynəlxalq ekoloji kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin müqaviləyə əsasən, iki ölkə arasında bəbirlərin də mühafizəsi istiqamətində işlərin sürətləndirilməsi nəzərdə tutulub.

Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı olan Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR