BDU ilə Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb - FOTO

BDU ilə Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb - <font color=red>FOTO</font>
# 01 may 2012 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. APA-nın məlumatına görə, memoranduma BDU-nun rektoru Abel Məhərrəmov və Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov imza atıblar.

A. Məhərrəmov bildirib ki, memorandumda tərəflər nüvə fizikası və texnologiyası, radiasiya materialşünaslığı, radiasiya kimyası, nüvə və radiasiya təhlükəsizliyi, nanotexnologiya, radioekologiya, radiobiologiya və qarşılıqlı maraq doğuran digər innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak, elmi-tədqiqat və kadr hazırlığı sahəsində BDU ilə Radiasiya Problemləri İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə, elmi işçilərin, doktorant və tələbələrin müvafiq fakültələrdə, kafedralarda və elmi-tədqiqat laboratoriyalarında təcrübə və staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili sahəsində razılığa gəliblər: “Azərbaycan hazırda enerji ölkəsidir, nüvə ölkəsi deyil. Amma nüvə ölkəsi olmaq istiqamətində addımlar atmalıyıq. Bu baxımdan imzalanan memorandum mühüm əhəmiyyət kəsb edir”.

A. Qəribov isə deyib ki, artıq 60 ilə yaxındır dünya nüvə enerjisindən dinc məqsədlərlə istifadə edir: “Dünyada istifadə edilən enerjinin 17 faizini nüvə enerjisi təşkil edir. Nüvə elmləri hazırda dünyada güclü olmağın elementinə çevrilib. Bu baxımdan imzalanan müqavilədən çox şey gözləyirik. Elmi tədqiqatların inkişafı üçün koordinasiya lazımdır. Gələcəkdə nüvə reaktoru ilə bağlı Azərbaycan dövlətinin siyasi qərarı olarsa, onun səmərəli fəaliyyəti üçün memorandum əsas verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR