Azərbaycan Baş Prokurorluğu “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevlə bağlı açıqlama yayıb

Azərbaycan Baş Prokurorluğu “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevlə bağlı  açıqlama yayıb
# 25 aprel 2012 16:04 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatda son günlər bəzi kütləvi informasiya vasitələrində “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edildiyi qeyd olunub.

Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Bununla əlaqədar bildiririk ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılır. Həmin cinayət işi üzrə hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Zaur Quliyevin Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və digərləri ilə birgə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiyi bəlli olur. Belə ki, onlar fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, Quba rayon icra hakimiyyətinin ötən il 22 noyabrda keçirilən iclasında icra başçısının çıxışının videogörüntüsünü 18 dekabrda xüsusi proqram və digər vasitələrdən istifadə etməklə montaj etdiriblər. Montaj prosesində icra başçısının bəzi Quba rayon sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi cümlələrin ardıcıllığını pozaraq, Quba sakinlərinin qəzəb və hiddətinə səbəb ola biləcək məzmunda ayrı-ayrı sözləri birləşdirməklə süjet hazırlayıblar. Həmin videomaterial elə ötən il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqovun vasitəsilə Elxan Əliyevə verilib.

Z. Quliyev Cinayət Məcəlləsinin 233 və 309.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Z. Quliyev iş üzrə şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin ona ittiham elan edilən zaman cinayət-prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilib, ona qarşı davranışda qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və işgəncə hallarına yol verilməyib.

Təqsirləndirilən şəxs Zaur Quliyev və müdafiəçilərinin ibtidai istintaq orqanına onun işgəncələrə, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalması və hüquqlarının pozulması barədə müraciətləri daxil olmayıb.

Kütləvi informasiya vasitələrinə bir daha tövsiyə edilir ki, gələcəkdə real faktlara və həqiqətə söykənməyən qərəzli məlumatları dərc etməzdən əvvəl həmin informasiyaları dövlət qurumları və hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR