Azərbaycan ərazisində fevralın 9-dan 10-na keçən gecə hava şəraiti yenidən kəskinləşəcək, qar yağacaq

Azərbaycan ərazisində fevralın 9-dan 10-na keçən gecə hava şəraiti yenidən kəskinləşəcək, qar yağacaq
# 09 fevral 2012 09:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Fevralın 12-si səhərədək Azərbaycanın rayonlarında fasilələrlə yenidən qar yağacaq. Bəzi yerlərdə qarın intensiv olacağı gözlənilir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Aran rayonlarında havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta, dağlıq rayonlarda gecə 15-20 dərəcə, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək: “Bu gün yağıntılar tədricən kəsiləcək, lakin bu, qısamüddətli bir fasilədir. Ayın 9-dan 10-na keçən gecə hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Amma ötən günlərlə müqayisədə hava bir qədər mülayim olacaq. Bakı və Abşeron yarımadasında da fevralın 10-da havanın yağıntılı olacağı, ayın 10 və 11-də fasilələrlə qar yağacağı gözlənilir. Şaxtalı hava bir qədər mülayimləşəcək. Temperatur gecə saatlarında 2-7 dərəcə şaxta təşkil edəcək”.

U. Tağıyeva deyib ki, fevralın 10-da gündüz saatlarında temperatur 0 dərəcədən yüksək olacaq. Paytaxtda havanın temperaturunun 1-2 dərəcə isti olacağı gözlənilir. Ayın 11-də gündüz saatlarında 0-2 dərəcə şaxta olacaq: “Fevralın 12-də isə yağıntılar kəsiləcək. Temperatur tədricən yüksələcək. Günorta saatlarında müsbət 3 dərəcəyə çatacaq”.

Büro direktoru bildirib ki, fevral ayın 13-dən sonra ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR