Argentina Senatında Azərbaycanda səfirliyin təsis edilməsini dəstəkləyən sənəd qəbul olunub

Argentina Senatında Azərbaycanda səfirliyin təsis edilməsini dəstəkləyən sənəd qəbul olunub
# 19 mart 2012 08:35 (UTC +04:00)
Sənədin müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəddə deyilir ki, Argentina 9 mart 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələri və əməkdaşlıq yaranıb. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. 23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb.

Sənəddə vurğulanır ki, Azərbaycan və Argentina bir-birini tamamlayan imkanlara, xüsusilə də elm-texnologiya, enerji, kənd təsərrüfatı sahələrində geniş əməkdaşlıq potensialına malikdir. Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərə çarpan inkişaf müşahidə olunur və yalnız 2010-cu ildə ticarət dövriyyəsi 44% artıb.

Sənəddə habelə, qeyd olunur ki, geniş imkanlar vəd edən Azərbaycan-Argentina əməkdaşlığı hər iki ölkənin bir-birində diplomatik nümayəndəliyinin təsis etməsinə zəmin yaradıb. Məhz bu məqsədlə Azərbaycanın 2010-cu ildə Buenos-Ayresdə səfirliyi fəaliyyətə başlayıb və nəhayət, bu il Argentina hökuməti də Bakıda səfirlik açmaq qərarına gəlib.

Sənədin yekununda Azərbaycanda Argentinanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı 273/2012 saylı dekretin alqışlandığı bildirilir.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina prezidenti Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalayıb və 2 mart tarixində Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan hökumətinə təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR