Rövnəq Abdullayev: “Neftçi” futbol tarixində yeni səhifə açdı”

Rövnəq Abdullayev: “Neftçi” futbol tarixində yeni səhifə açdı”
# 17 sentyabr 2012 10:00 (UTC +04:00)
Bakı – APA. AFFA prezidenti Rövnəq Abdullayev bu gün assosiasiyanın inzibati binasında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Neftçi" klubunun kollektivini qəbul edib. Apasport.az saytının xəbərinə görə, Abdullayev “ağ-qaralar”ın bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib.

"UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla "Neftçi" ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla "Neftçi" bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız" – deyə, Abdullayev bildirib.

"Neftçi"nin prezidenti Sadıq Sadıqov kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, "Neftçi"nin UEFA Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində "Rövnəq Abdullayev" yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR