Azərbaycan və Mərakeş turizm sahəsi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan və Mərakeş turizm sahəsi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq etmək niyyətindədir
# 06 mart 2012 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olub. APA-nın məlumatına görə, ATİ-nin rektoru Cəfər Cəfərov qonağa institutun yaranma tarixi, dünyanın nüfuzlu universitetləri ilə əlaqələri, əhəmiyyətli layihələrdə iştirakı, ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında ikili diplom təcrübəsindən danışıb. Eləcə də bu ilin əvvəlində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başladığını qonağın nəzərinə çatdırıb. C.Cəfərov Şimali Afrikanın ekzotik mənzərəsinin ünvanı sayılan Mərakeşin dünyada yay və qış turizm diyarı kimi məşhur olduğunu bildirib.

H.Hami isə Mərakeş Dövlət Universitetlərinin təhsil sahəsində ATİ ilə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb. Görüşdə Kasablanka Universiteti ilə İsveçrənin Gilion Universiteti, eləcə də Cenevrənin Otel Məktəbi arasında turizm təhsili sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığını bildirib. ATİ-nin turizm sənayesi üçün kadr hazırlığı sahəsində ixtisaslaşdığını, Mərakeş universitetləri ilə etibarlı tərəfdaş ola biləcəyinə inandığını diqqətə çatdırıb. Ölkəsinin strateji inkişaf proqramında dünyanın turizm üzrə ilk 20-lik qrupda Mərakeşin öncül yer almasını əsas hədəf saydığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR