Azərbaycanda plastik kartların sayı 9% artıb

Azərbaycanda plastik kartların sayı 9% artıb
# 19 mart 2012 12:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının ümumi sayı 2012-ci ilin fevralın 1-nə 4 621 min ədəd təşkil edib ki, bu da 2011-ci ilin fevralın 1-nə nisbətən 368 min ədəd və ya 8,7% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kartların 2 534 mini sosial, 1 346 mini əmək haqqı, 557 mini digər debet kartları, 184 mini isə kredit kartlarıdır.

Yanvar ərzində plastik kartlarla 3 541 min əməliyyat aparılıb, əməliyyatların həcmi 531 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 3,8% və 18,5% artıb.

Debet kartları ilə aparılan əməliyyatların sayı 3 269 min olub ki, bu da ümumi sayın 92,3%-ni təşkil edir. Debet kartları ilə əməliyyatların həcmi isə 455 mln. manat təşkil edib və bu, ümumi həcmin 85,7%-nə bərabərdir. Öz növbəsində kredit kartları ilə 272 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 76 mln. manat olub.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 139,2 manat, kredit kartları üzrə isə 279,4 manat təşkil edib.

Qeyd edək ki, yanvarda plastik kartlarla aparılan əməliyyatların 2 986 mini və ya ümumi sayının 84,3%-i nağd pulun çıxarılması üzrə aparılan əməliyyatlar olub. Bu əməliyyatların həcmi 458 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 86,3%-nə bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR