Azərbaycan Tibb Universitetinin SIFE komandası Azərbaycanı ABŞ-da keçiriləcək SIFE dünya yarışında təmsil edəcək

Azərbaycan Tibb Universitetinin SIFE komandası Azərbaycanı ABŞ-da keçiriləcək SIFE dünya yarışında təmsil edəcək
# 13 sentyabr 2012 16:59 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Tibb Universitetinin SIFE komandası Azərbaycanı ABŞ-da keçiriləcək SIFE dünya yarışında təmsil edəcək. APA-nın məlumatına görə, Azərbaycan Tibb Universitetinin SIFE komandası ölkəmizi təmsil etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək Dünya kuboku uğrunda yarışa hazırlaşır.

30 sentyabr - 2 oktyabr tarixlərində keçiriləcək yarışda komanda “Zəli”,”Eko-məhsul” və “Virtual sərgi” layihələri ilə çıxış edəcək.

Zəli layihəsində əsas məqsəd regionlarda yaşayan gəncləri öz mühitlərinə uyğun qismən işlə təmin olunması, urbanizasiya probleminin aradan qaldırılması və əhali arasında alternativ müalicə üsullarının təbliğidir.

Eko-məhsul layihəsində isə məqsəd əhalinin sağlam qidalanmasını təmin etmək, regionlarda kiçik təsərrüfat ilə məşğul olan insanların məhsullarının satışını təmin etməkdir.

Sonuncu olan Virtual Sərgi layihəsində isə komanda gənc rəssamların əsərlərini online satışa çıxarıb, onların gəlir əldə etmələri üçün şərait yaradır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il SIFE Azərbaycan nümayəndəliyi ilə birgə SIFE proqramı üzrə milli yarışlar keçirilir və qalib komanda Dünya kuboku yarışlarına ezam edilir. Hər il 700 nəfərdən çox tələbənin cəlb olunduğu 12-14 arası tələbə komandası 40-a yaxın layihəni təqdim edir. SIFE proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. Qalib komanda innovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən müəyyən edilir. Qeyd etmək lazımdır ki, SIFE proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır. Proqramın əsas tələbi ondan ibarətdir ki, gənclər öz bilik və bacarıqları ilə digər insanlarla bölüşməlidirlər. Bu SIFE proqramının ictimai fəlsəfəsindən irəli gəlir: “Mənə balıq verin ki, ac qalmayım! Mənə balıq tutmağı öyrədin ki, ömürlük ac qalmayım!”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR