Milli Məclisin komitə sədri: “Azərbaycan sülh siyasətini davam etdirəcək”

Milli Məclisin komitə sədri: “Azərbaycan sülh siyasətini davam etdirəcək”
# 08 iyun 2012 10:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Təəssüf ki, Azərbaycan tərəfin itkiləri var, biz onların ailələrinə başsağlığı veririk. Bu hal onun göstəricisidir ki, Ermənistan tərəfi nə atəşkəsə ciddi əməl edir, nə də beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarlara hörmətlə yanaşır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli hesab edir ki, son hadisələr münaqişənin nizamlanması istiqamətində aparılan sülh danışıqlarına ciddi zərbə vurur: “Azərbaycan tərəfi hər zaman sülh danışıqlarına sadiqliyini nümayiş etdirir. Bunu bir neçə misalla göstərmək olar. Məhz Azərbaycanın təşəbbüsü ilə bir neçə dəfə iki ölkənin ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilib. Azərbaycandan olan millət vəkilləri, rəsmi şəxslər çəkinmədən Yerevanda keçirilən beynəlxalq tədbirlərə qatılıblar. Amma Ermənistan tam təhlükəsizlik zəmanəti verməyimizə baxmayaraq, “Eurovision” müsabiqəsinə qatılmadı. Bakıda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında iştirak edən erməni millət vəkilləri də gördülər ki, Azərbaycan xalqı neçə dözümlü və tolerant bir xalqdır”.

Komitə sədri sülh üçün Azərbaycan tərəfindən bütün addımların atıldığını söyləyib: “Biz qəbul olunmuş qərarlara və verilmiş bəyanatlara, xüsusilə də prezidentlərin Soçi görüşündəki Bəyannaməyə sadiqliyimizi nümayiş etdiririk. Azərbaycan tərəfi qəbul olunmuş bütün qərarlara hörmətini nümayiş etdirir. Ona görə heç cür mümkün deyil ki, biz atəşkəsi pozaq”.

Ə. Hüseynlinin sözlərinə görə, Azərbaycan əsgəri yalnız o zaman silaha əl atır ki, ona qarşı hücum olur: “Hətta baxmayaraq ki, bizim torpaqlarımız işğal olunub, işğal altındakı torpaqlarımızdan bizə atəş açılır, yenə də biz atəşkəsə əməl edirik. Həlak olmuş insanların yaxınları, əzizləri var, əsgərlərimizin həlak olmasını bütün Azərbaycan ictimaiyyəti ağrı hissi ilə qəbul edir. Hər dəfə belə hadisədən sonra sülhdən danışmaq xüsusilə Azərbaycan tərəfi üçün çox çətindir. Lakin görürük ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək istəmir”.

Komitə sədri hərbi əməliyyatların başlaya biləcəyini düşünmür: “Biz atəşkəs rejiminə necə həmişə sadiq qalmışıqsa və sülh danışıqları aparırıqsa, o istiqamətdə siyasətimizi davam etdirəcəyik. Amma qarşı tərəfin hücumlarına, təxribatçı addımlarına təbii ki, layiqli cavab vermək lazımdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR