Azərbaycanın 2012-ci ilin ilk yarısında dövlət büdcəsinin mədaxil proqnozu 6,2% artıqlaması ilə icra olunub

Azərbaycanın 2012-ci ilin ilk yarısında dövlət büdcəsinin mədaxil proqnozu 6,2% artıqlaması ilə icra olunub
# 12 iyul 2012 13:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2012-ci il dövlət büdcəsinin mədaxili 8 134 mln. manat və ya 106,2% yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,0% artıqdır. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu dövrdə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 2 968 mln. manat və ya təsdiq olunmuş proqnozdan 16,0% artıq vəsait köçürülüb. Büdcəyə toplanan vergi ödəmələri ötən ilin eyni dövrünə nisbətən 15,8% artıq olub. Vergilər Nazirliyinin xətti ilə toplanan vəsaitlərin 55,0%-i (1 633 mln. manat) qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,8% çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4% əməl olunmaqla büdcəyə 557,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.

İlk 6 ayda Dövlət Neft Fondundan büdcəyə 4 592 mln. manat vəsait transfer edilib, sair daxilolmalar üzrə isə büdcəyə 17,0 mln. manat vəsait təmin edilib.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4% və ya 7 110 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,6% çox icra olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8%, sosial müdafiə və sosial təminat xərclərinə 42,1%, müdafiə xərclərinə 41,6%, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0%, nəqliyyat və rabitə xərclərinə 19,4%, səhiyyə xərclərinə 16,2%, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3% çox vəsait yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3%i və ya 2 300 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 19,2% çox olub.

Cari ilin yanvar-iyun aylarında investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 mln. manat vəsait istifadə olunub.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidən qurulması üçün 1 476,0 mln. manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 mln. manat, Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası üçün 118,0 mln. manat, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 mln. manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün «Azərsu» ASC-yə 154,0 mln. manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-yə 156,0 mln. manat vəsait yönəldilib.

Hesabat dövründə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 118,0 mln. manat, o cümlədən Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə toplam 29,0 mln. manat, Naxçıvan şəhərinin və 7 rayonun su təchizatı və kanalizasiya sisteminin tikintisinə 44,0 mln. manat, Naxçıvan-Culfa avtomobil yolunun yenidən qurulmasına 13,0 mln. manat vəsait sərf edilib.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkədə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 mln. manat məbləğində vəsait istifadə edilib. İlin əvvəlindən Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 mln. manat vəsait ayrılıb, son iki ildə isə kəndlərarası yolların təmirinə 215 mln. manat vəsait xərclənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR