Rusiyalı mütəxəssislər Bakıda suyun zərərsizləşdirilməsi üçün yeni dezinfektantın təqdimatını keçiriblər

Rusiyalı mütəxəssislər Bakıda suyun zərərsizləşdirilməsi üçün yeni dezinfektantın təqdimatını keçiriblər
# 19 mart 2012 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə ən müasir texnologiyalar və xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir.

Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Ural Elmi-Tədqiqat Kimya İnstitutu və Təcrübə zavodunun mütəxəssisləri “Azərsu” ASC-də olub, suyun zərərsizləşdirilməsi üçün təklif olunan yeni dezinfektantın təqdimatını keçiriblər.

Bildirilib ki, “DX-100” emal qurğusunda alınan xlor-dioksid və xlor adlı yeni maddə maye xloru əvəz etməklə yanaşı, yüksək effektliliyə malikdir. Bu maddə maye xlorla müqayisədə 6-20 dəfə az qatılıqla istifadə olunur. Yüksək dezinfeksiya qabiliyyəti olan xlor-dioksid və xlor maddəsi virus və bakteriyalara güclü təsir edir. Suda xlorüzvlü birləşmələr əmələ gətirməyən bu maddə suyun yad iyini, rəngini götürməklə dadını da yaxşılaşdırır. Eyni zamanda suyun dəmir və manqandan təmizlənmə dərəcəsini artırır. Xlor-dioksid və xlor maddəsi supaylayıcı şəbəkədə təsiretmə gücünü 7-10 gün saxlamaqla suyun təkrar çirklənməsinin qarşısını alır. Üstəlik, maye xlordan fərqli olaraq sanitar-mühafizə zolağının yaradılmasına ehtiyac qalmır.

Qeyd edək ki, hazırda əhaliyə verilən içməli su sutəmizləyici qurğular komplekslərində texnoloji təmizləmə prosesindən keçərək emal olunur və istifadəçilərə çatdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR