Tovuz rayonunda istehlakçı hüquqlarının qorunması mövzusunda konfrans keçirilib

Tovuz rayonunda istehlakçı hüquqlarının qorunması mövzusunda konfrans keçirilib
# 24 avqust 2012 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Tovuzda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 320-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb və bildirib ki, bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Z.İsayev 2012-ci ilin yanvar-iyul ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 50,6 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

Xidmət rəisi istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, bu il istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib: «Cari ilin yanvar-iyun aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 40 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1 000-ə yaxın yaddaş kitabçası hazırlanaraq sahibkarlara və istehlakçılara paylanıb, televiziya kanallarında sosial reklam çarxlarının yayımlanması təşkil olunub».
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR