«British Airways» şirkəti rəsmi olaraq Azərbaycana qayıdır

«British Airways» şirkəti rəsmi olaraq Azərbaycana qayıdır
# 02 noyabr 2012 09:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Böyük Britaniyanın aviasiya nəhəngi «British Airways» şirkəti yenidən Azərbaycana qayıdır. Şirkətin bu gün yaydığı məlumatda bildirilir ki, BMİ aviaşirkətinin «British Airways» strukturuna inteqrasiya olunması ilə, oktyabrın 28-də yeni qış qrafiki təqdim edilib. Beləliklə, «British Airways» rəsmi olaraq Azərbaycana qayıdır.

Aviaşirkət artıq sərnişinlərə Londona gündəlik reyslər təklif edir. Uçuş qrafiki elə tərtib olunub ki, 1-ci və 5-ci terminallardan birləşdirilmiş reyslərə vaxt sərfi yüngülləşdirilsin.

«Qış mövsümünün başlaması BMI aviaşirkətinin «British Airways» strukturuna uğurlu inteqrasiyası və «British Airways»in Azərbaycana rəsmi şəkildə qayıtması ilə səciyyələnəcək. Biz səbirsizliklə Azərbaycan müştərilərinə xidmətə göstərəcəyimizi gözləyərək, Bakı və London arasında gündəlik reyslər təklif edirik», - deyə «British Airways» aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.

Qeyd edək ki, Azərbaycanda 1995-ci ildən fəaliyyətə başlayan «British Airways» burada 6 il müddətində uçuşlar həyata keçirib. İndi isə Bakı və London arasında səfər edən sərnişinlər yenidən aviaşirkətinin xidmətlərindən istifadə edə biləcəklər.

İnteqrasiya çərçivəsində marşrut üzrə hərəkət edən «Airbus 321» təyyarələrinin hamısı yenilənəcək. Sərnişinlər təmirdən çıxmış salon, daha rahat oturacaqlar və müasir tələblərə cavab verən əyləncə texnologiyalarından istifadə edə biləcəklər. Yenidənqurma işləri ilin sonunadək bitəcək.

Azərbaycandan uçan «British Airways» sərnişinləri «Hitrou T1» hava limanına enəcəklər. Üstəlik, «British Airways» vasitəsi ilə çoxsaylı daxili, ABŞ və Kanada üzrə isə 20-dən artıq istiqamətdə çıxış əldə etmək mümkündür.

Bundan başqa, «British Airways» aviaşirkəti «Oneworld Alliance» tərəfdaşları ilə birgə, yüzlərlə qlobal uçuş istiqamətləri, fasiləsiz xidmət və vaxtaşırı uçan sərnişinlərə imtiyazlar təklif edir.

Qeyd edək ki, «British Airways» - marşrut şəbəkəsi 75 ölkəni, 150 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir. Şirkət hər il bütün dünya üzrə 36 mln-a yaxın sərnişin daşıyır. Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Həm göyərtədə, həm yerdə maksimal komfort yaratmaq məqsədilə aviaşirkət qarşıdan gələn 5 il ərzində yeni təyyarələr, «ağıllı salonlar», zərif dizayn və yeni texnologiyalara 5 mlrd. funt sterlinq həcmində vəsait ayırmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR