Ombudsmanın müşaviri Kiprdə beynəlxalq tədbirdə iştirak edib

Ombudsmanın müşaviri Kiprdə beynəlxalq tədbirdə iştirak edib
# 16 oktyabr 2012 14:43 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Şəbiyeva Kipr Respublikasının Nikosia şəhərində Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən keçirilən və Kiprin Uşaq Hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunan ENOC-un 16-cı konfransı və Baş Assambleyasında iştirak edib.

Ombudsman APAratından APA-ya verilən məlumata görə, “Yetkinlik yaşına çatmayanların hüquq pozuntusu – Uşaqlar üçün yararlı ədliyyə, Preventiv tədbirlər və müdaxilə üçün struktur və proseslər” mövzusuna həsr olunmuş bu tədbirin məqsədi ENOC-un illik fəaliyyəti barədə müzakirələr etmək, uşaqlar üçün yararlı yuvenal ədliyyə sisteminin yaradılmasına dair fikir mübadiləsi aparmaq, bu sahədə işləyən Ombudsman təsisatlarının uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində həyata keçirdiyi müsbət təcrübələri təqdim etməkdən ibarət olub.

Tədbirdə ENOC-a üzv olan müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsman təsisatları və müvafiq insan hüquqları institutları, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təsisatı, uşaq hüquqları üzrə beynəlxalq təşkilatlar və ekspertlər iştirak edib.

Tədbirdə “Yetkinlik yaşına çatmayanların hüquq pozuntusu – Uşaqlar üçün yararlı ədliyyə” üzrə qruplarda işlər və fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda növbəti il üçün ENOC-un Büro üzvləri seçilmiş, bu qurumun İşçi Qrupları tərəfindən hazırlanan “Qanunla ziddiyyətdə olan uşaqların hüquqları” və “Müəssisələrdə uşaqlara qayğı” adlı bəyanatlar səsləndirilib, 2012-2013-cü illər üçün ENOC-un fəaliyyət istiqamətləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR