Ceyhun Osmanlı: “İstanbuldakı Xocalı yürüşünə on minlərlə insanın qatılacağını gözləyirik” - MÜSAHİBƏ

Ceyhun Osmanlı: “İstanbuldakı Xocalı yürüşünə on minlərlə insanın qatılacağını gözləyirik” - <font color=red>MÜSAHİBƏ</font>
# 23 fevral 2012 08:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlının müsahibəsi

- Xocalı soyqırımının 20-ci ilində dünyanın bir çox ölkələrində tədbirlər keçirilir, lakin Türkiyədə keçirilən tədbirlər xüsusi ilə fəallığına görə fərqlənir. Bunun səbəbi nədir?

- Türkiyə bizə dost və qardaş ölkədir. Həm dostlarımız, həm də düşmənlərimiz mövzusunda fikirlərimiz üst-üstə düşür. Türkiyə və Azərbaycan tarixi sınaqlardan çıxmış ölkələrdir. Çanaqqala savaşında azərbaycanlıların Türkiyənin yanında olaraq şəhid olduğu kimi, 1918-ci ildə Nuru Paşanın rəhbərliyində Osmanlı türklərinin də Azərbaycanın müstəqilliyi və Bakının işğalçılardan azad edilməsində xidmətlərini rəhmətlə anmaqdayıq. Bu gün də qlobal müstəvidə həm Türkiyə, həm də Azərbaycan yeni çağırışlara cavab verməkdədir. Türkiyəyə qarşı yalançı erməni iddiaları irəli sürülərkən Azərbaycan hər zaman Türkiyənin yanında olub. Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları davam edərkən isə Türkiyə Azərbaycanın yanında olub. Bu günün bəzi siyasətçiləri 100 il əvvəlki tarixdə, əslində tarixçilər tərəfindən araşdırılmalı olan yalançı erməni iddiası ilə yaşamaq yerinə bu günün problemlərini həll etməlidirlər. Məhz Xocalı bu günün məsələsidir. BMT tərəfindən müəyyənləşdirilmiş soyqırımı cinayətinin meyarlarına uyğun gələn Xocalı qətliamı Ermənistan və rus silahlı birləşmələri tərəfindən cəmi 20 il əvvəl törədilib. Bu soyqırımının canlı şahidləri bu gün yaşayırlar. Xocalı soyqırımı günü anasının bətnində 3 aylıq körpə olan Zərifə Quliyevanın bu gün artıq 20 yaşı var. Zərifə bu gün dünyanı gəzərək 26 Fevral 1992 gecəsi qətl edilən qohumlarının və məhv edilmiş Xocalı şəhərinin haqqını arayır. Bu gün Zərifənin öz ata yurduna dönmək arzusu ilə bağlı Ermənistan və Fransa prezidentlərinə ünvanladığı məktublara necə bir cavabın gələcəyini bütün dünya maraqla gözləyir. Xocalıda həmin gecə qətl edilən 613 nəfərin, itkin düşən, şikəst qalan insanların haqlarını vicdanlı hər bir şəxs aramalıdır. Bu haqların aranması üçün və bilməyənlərə tanıdılması üçün Türkiyədə də bu acını paylaşan insanlar fəaliyyətə keçib.

- Əsasən hansı fəaliyyətlər diqqəti cəlb edir?

- Türkiyə gündəmində olan əsas məsələlərdən biri 26 Fevral 2012-ci il saat 14:00-da İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə keçiriləcək yürüş və ictimaiyyətə açıqlamadır. Türkiyənin aparıcı telekanalları, informasiya agentlikləri və qəzetləri günlərdir ki, Xocalı soyqırımından bəhs edən sərgiləri, konfransları, Xocalı Soyqırımı şahidlərinin ifadələrindən ibarət olan açıqlamaları, millət vəkilləri və ekspertlərin məqalələrini yayımlamaqdadır. Təkcə İstanbulda Xocalı soyqırımından bəhs edən 500-dən çox elan xarakterli plakatklar quraşdırılıb. Mərkəzi xətlərdə işləyən metro, avtobus, metrobüslərdə və dayanacaqlarda Xocalı soyqırımı və yürüşdən bəhs edən afişalar asılıb. Ən reytinqli radiolar İbrahim Sadrinin səsləndirdiyi Xocalı ilə bağlı audioçarx yayımlamaqdadır. Aparıcı qəzetlər günlər ərzində tam səhifə məlumatlar yayır. Tələbələrimiz Xocalı soyqırımından bəhs edən poster və açıqcaları universitet və mərkəzi meydanlarda yaymaqdadır. ASAİF tərəfindən Facebook və Twitterdə açılan “Hepimiz Hocalılı” qrupları, eyni zamanda www.hepimizhocalili.com səhifələrinə böyük maraq var. Taksim metrosu girişində təşkil edilən Xocalı sərgisini bu günlərdə minlərlə insan ziyarət edib. İstanbula öz yaşadıqlarını Türkiyə ictimaiyyəti ilə paylaşmağa gələn Xocalı Soyqırımının canlı şahidləri bütün aparıcı telekanallara dəvət alırlar. Türkiyənin 35 şəhərindən olan müxtəlif qruplar Taksimdəki Xocalı yürüşündə iştirak etmək üçün könüllü istəklərini ifadə ediblər. Zənnimcə, İstanbuldakı Xocalı yürüşünə on minlərlə insan qatılacaq. Hesab edirəm ki, bu müstəqil Azərbaycan tarixində milli maraqlarımızla bağlı xaricdə təşkil edilmiş ən böyük aksiyalardan biri olacaq. Bu, həm Qarabağ, həm də Xocalı ilə bağlı dünyaya önəmli bir səsləniş olacaq.

- Hansı qurumlar yürüşə dəstək verir?

- Yürüşün təşkilatçılığı üçün Türkiyə vətəndaşlarından ibarət “Xocalı qurbanlarını anma könüllüləri” qrupu yaradılıb. İqtidar, müxalifət demədən aparıcı siyasi partiyalar, millət vəkilləri, ictimai xadimlər, dərnəklər, gənclər və tələbə təşkilatları, həmkarlar ittifaqları, media strukturlar, məşhur sənətçilər, idmançılar yürüşə qatılmaq arzusunu ifadə edib.

- Türkiyə hökuməti və siyasi çevrələrinin bu məsələlərə münasibəti necədir?

- Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan “Türkiyəli və Azərbaycanlı parlamentarilər Xocalını dünyaya tanıtmalıdır” deməklə əslində Türkiyə hökumətinin bu məsələdəki həssas mövqeyini ortaya qoydu. İslam Konfransı Təşkilatı Parlament Birliyinin İndoneziyada keçirilən toplantısında Xocalı Soyqırımının tanınmasında sözsüz ki, Türkiyə parlamentarilərinin də dəstəyi olub. Türkiyə diyanət işləri başkanı Mehmet Görməzlə görüşümüzdə 24 fevral, cümə namazı xütbələrində Türkiyənin bütün iri şəhərlərində olan məscidlərində Xocalı qurbanlarının anılacağı və onların ruhuna dualar oxunacağı bildirilib. Bütün bunlar və bunun kimi onlarla faktlar Türkiyənin iqtidarı və müxalifətinin bizim Xocalı dərdimizi paylaşmasının sübutudur. Azərbaycan və Türkiyə insanı hər zaman Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan – Türkiyə: Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikirlərinə sadiq qalacaqdır.

- Yürüşün şüarları seçilərkən “Xocalı qurbanlarını anma könüllüləri” qrupu əsasən nəyə diqqət ayıracaq?

- Həm Türkiyə, həm də Azərbaycan olaraq tarixən nə qədər öz qonşularımıza və içimizdə olan milli azlıqlara münasibətdə xoşməramlı niyyət nümayiş etdirməyimizə baxmayaraq, bəzən özümüz qonşular və onların yönləndirdiyi etnik qrup tərəfindən xəyanətə məruz qalıb. Bizim etnik azlıqlarla problemimiz olmadığı bu günki etnik tərkibimizə baxanda aydın görünür. Sual olunur ki, niyə bu gün həm Azərbaycan, həm də Türkiyədə onlarla millət rahat yaşadığı halda, Ermənistanda ermənilərdən başqa bir millət yaşaya bilmir? Ona görə də biz bir yandan bəşəri dəyərləri daşımaqla bərabər, digər yandan da bizə olunan xəyanətləri unutmamalıyıq. Bütün dünyanın soyqırımları, insanlığa qarşı cinayətləri pislədiyi bir vaxtda Ermənistanın terroru dövlət siyasəti halına gətirdiyini unutmamalıyıq. Ermənistan dövlətinin artıq dünya ölkələrinin tanıdığı Xocalı soyqırımından təəssüfünü bildirmək yerinə, Ermənistan prezidentinin “Biz Qarabağı aldıq, gələcək nəsillərimiz Ağrını almalıdır” fikri günümüz dünyasında həm Azərbaycan, həm də Türkiyəyə qarşı açıq təhdiddir. Ona görə şüarlarımız bizə olunanları unutmamaq və unutdurmamaqla bağlıdır. Amma eyni zamanda biz Xocalı Soyqırımını gündəmdə saxlayaraq bir də belə bir faciənin dünyanın heç bir ölkəsinin vətəndaşının başına gəlməməsi üçün mübarizə aparırıq və dünya insanını bu məsələdə səsimizə səs verməyə çağırırıq.

- Yürüşün şüarları müəyyən olunubmu?

- Yuxarıda qeyd etdiyim kimi veriləcək mesajlar həm milli, hım də beynəlmiləl xarakterlidir. Ona görə də bizlər Taksimə toplanaraq “Bir daha soyqırım olmasın”, “Bir millət, iki dövlət – Qarabağa ədalət”, “Qəlbimizdə Xocalı – Hamımız Qarabağlı”, “Dünya bunu tanı – Unutma Xocalını”, “Hamımız Xocalılı”, “Xocalıya ədalət”, “Uşaqlar öldürülməsin”, “Analar ağlamasın”, “Erməni yalanına səssiz qalma”, “Erməni yalanına son”, “Yaşamaq haqqı müqəddəsdir” və s kimi mesajlar səsləndirəcəyik. Mesajlarımız bütün dünyayadır. Ona görə də yəqin ki, biz aksiyada həm türkçə, həm də ingiliscə şüarların şahidi olacağıq. Mesajımız aydın, səsimiz isə gur olacaq. Çünki bu səs haqlı Azərbaycanın, bu səs haqlı Türkiyənin, bu səs insanların yaşama haqqını tanıyan, vicdanlı bütün dünya vətəndaşlarının səsi olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR