Oqtay Əsədov Meksika Senatının sədr müavini ilə görüşüb

Oqtay Əsədov Meksika Senatının sədr müavini ilə görüşüb
# 12 iyul 2012 16:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyən O. Əsədov bu günədək ölkələr arasında 5 sənəd imzalandığını, daha 14 saziş layihəsinin baxılmaq üzrə olduğunu bildirib: “Meksika ilə parlamentlər səviyyəsində əlaqələrimizi dərinləşdirmək əzmindəyik. Əminik ki, bu sahədə təcrübə və informasiya mübadiləsi ümumi işin xeyrinə olar”.

Söhbətdə Bakının Meksikada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini, Nizamı Gəncəvinin heykəlinin qoyulması üçün hazırlıq işlərinin aparılmasını, Xocalı faciəsinin qurbanlarına abidə qoyulması istiqamətində müvafiq addımların atılmasını dostluq münasibəti kimi dəyərləndirdiyi vurğulanıb.

Fransisko Arroyo Vieyra ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Səfər çərçivəsində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyən meksikalı senator Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqeyinə rəğbətlə yanaşdıqlarını və Azərbaycanın yanında olduqlarını bildirib. O, Meksikanın Azərbaycanla təkcə siyasi deyil, həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu söyləyib. Senator qeyd edib ki, heç bir diasporanın, o cümlədən erməni diasporunun marağı Meksikanın dövlət və milli maraqlarından üstün ola bilməz.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR