ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşüb
# 14 iyun 2012 07:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda səfərdə olan ATƏT sədri Eymon Gilmor ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb. AXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iqtidar və müxalifət partiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində aparılan danışıqlar müzakirə edilib. Partiya təmsilçiləri münaqişənin bu günə qədər həll edilməməsi ilə əlaqədar ATƏT sədrinə öz iradlarını çatdırıblar. ATƏT sədrinə deyilib ki, ATƏT münaqişədə tərəflərin məsuliyyətinin eyni olmadığını etiraf etməli, Azərbaycanın bu məsələdə zərərçəkən, işğala məruz qalan, Ermənistanı isə beynəlxalq hüquq normalarına pozan, başqa dövlətin ərazisini işğal edən tərəf kimi tanımalıdır. E. Gilmora bildirilib ki, təmsil etdiyi qurum bu həqiqəti etiraf etməyənə qədər Azərbaycan cəmiyyətinin ATƏT-ə etimadı tam olmayacaq.

Görüşdə ölkədə islahatlar, demokratikləşmə ilə bağlı mövcud problemlər də müzakirə edilib. Müxalifət partiyalarının təmsilçiləri sərbəst toplaşmaq və söz azadlığının olmadığını, siyasi məhbus probleminin davam etdiyini, seçkilərin saxtalaşdırıldığını, siyasi partiyalara təzyiqlərin olduğunu söyləyiblər. Yığıncaqda fotoreportyor Mehman Hüseynovun əsassız ittihamla saxlanıldığı da qeyd edilib.

ATƏT sədrinin nəzərinə çatdırılıb ki, Azərbaycan xalqı demokratiyaya hazır olduğunu həm 20-ci əsrin əvvəllərində, həm də 90-cı illərin sonlarında demokratik hökumətlər qurmaqla sübut edib.

E. Gilmor isə bildirib ki, Azərbaycan ATƏT qarşısında könüllü olaraq öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi üçün sərbəst toplaşmaq azadlığı təmin olunmalı, ifadə azadlığı tanınmalı, siyasi məhbus problemi həll olunmalı və seçkilərin demokratik keçirilməsi üçün xeyli iş görülməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR