QHT-lərə Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə təkliflər verib

QHT-lərə Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə təkliflər verib
# 22 may 2012 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin illik maliyyə hesabatlarının sadələşdirilməsi ilə bağlı Maliyyə Nazirliyinə təkliflər verib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 25 dekabr 2009-cu ildə Nazirlər Kabinetinin 201 nömrəli qərarı ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilib. Həmin qərara uyğun olaraq 2010-cu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda dövlət qeydiyyatına alınmış QHT-lər müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatlarını təqdim etməyə başlayıb. İllik maliyyə hesabatlarının təqdim edilməsi üçün son müddətin hesabat dövrü başa çatan ildən sonrakı ilin aprel ayının 1-i olmasına baxmayaraq, 3 ildir ki, QHT-lərin hesabatlılığında ciddi problemlər yaranır. İllik maliyyə hesabatlarının verilməsində həm gecikmələr, həm də ciddi nöqsanlar aşkar olunur. Bunun da əsas səbəblərindən biri illik maliyyə hesabatı formalarının QHT-lər tərəfindən doldurulmasında çətinliklərin yaranmasıdır.

Şuranın təqdim etdiyi təkliflərdə QHT-lər üzrə illik maliyyə hesabatlarının komponentlərinə daxil edilən formaların sadələşdirilməsi, maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması, illik dövriyyəsi 10 min manata qədər olan QHT-lərin illik maliyyə hesabatı təqdim etməkdən azad edilməsi, hesabatların elektron qaydada verilməsi kimi məsələlər əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR