Borçalıda 31 Mart-Azərbaycanlıların soyqırımına həsr olunan tədbir keçirilib

Borçalıda 31 Mart-Azərbaycanlıların soyqırımına həsr olunan tədbir keçirilib
# 31 mart 2012 21:15 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda 31Mart - Azərbaycanlıların soyqırımına həsr edilən silsilə tədbirlər başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) ziyalıların və gənclərin iştirakı ilə soyqırımına həsr edilən tədbir keçirilib . Tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq 1918-ci illərdən başlayaraq fasilələrlə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri soyqırımların tarixindən, bu yolla ərazilərin genişlənməsindən, arxivlərdə yeni-yeni faktların tapılmasından, eləcə də 1918-ci ildə Ermənistan-Gürcüstan müharibəsindən söhbət açıb. F. Həsənov bildirib ki, Borçalı bölgəsindən də soyqırım yan keçməyib. “1918-ci ildə Ermənistan və Gürcüstan arasında 6 ay davam edən müharibə Borçalının soyqırımını yarıda qoydu. Ermənilərin başı müharibəyə qarışdığından azərbaycanlıların məskunlaşdığı kəndlərdə törətdikləri soyqırımı başa çatdıra bilmədilər. Lakin müharibə nəticəsində Borçalı özünün Lori bölgəsini itirdi. Sovetlər Birliyi hakimiyyət başına gələndə Borçalı paralandı. Tarixçilər belə faktları araşdırmalıdır.”
AMM rəhbəri Fazil Həsənov son yüz ildə azərbaycanlıların başına gətirilən faciə və soyqırımları sadalayıb. “Hər əsrdən bir fasilələrlə bizi əzdilər, Ermənilər Qərbi Azərbaycanda soydaşlarımızı yurd-yuvalarından qovdular. Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda və başqa Azərbaycan torpaqlarında soyqırımlar törətdiblər. Tariximizdə belə faktlar və qırğınlar çox olub. Mən tariximizi yenidən araşdırmaq və Gürcüstanda da olan soyqırım faktlarını ortaya çıxarmaq üçün Azərbaycan və Gürcüstan alimlərindən ibarət komissiya yaradılmasını təklif edirəm. Tariximiz qaranlıqda qalmamalıdır.”
Tədbirdə tarixçi müəllim Nərgiz Nəbiyeva, tədqiqatçı Ehtiram Əmirxanlı, AMM-in maarif şöbəsinin müdiri Mikayıl Mustafayev, ARDŞ-in Gürcüstan nümayəndəliyinin mətbuat xidmətinin əməkdaşı Çingiz Yaqubov və gənclər çıxış edərək qeyd ediblər ki, Azərbaycanın müxtəlif bölgələrində aparılan soyqırımı nəticəsində 50 mindən çox dinc əhali qurban gedib. Sonda Milli Məclisin deputatı Qənirə Paşayevanın baş məsləhətçi olduğu və rejissor Etibar Babayevin çəkdiyi 24 dəqiqəlik “31 Mart-Bakı soyqırımı” filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir AMM-in və Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR