Bilgəh-Sumqayıt avtomobil yolunun daha bir hissəsinin tikintisinə başlanılıb

Bilgəh-Sumqayıt avtomobil yolunun daha bir hissəsinin tikintisinə başlanılıb
# 15 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi çərçivəsində hazırda yolun 14-42-ci km-lik hissəsinin layihələndirilməsi və paralel olaraq tikinti işlərinə start verilib.
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən bildirilib.

ASC-dən verilən məlumata görə, layihələndirilən avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdaxanı, Fatmayı, Novxanı istiqamətində davam etməklə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

«Mərhələli şəkildə davam etdirilən tikinti işləri Bilgəh qəsəbəsindən Kürdaxanıya qədər olan 14 km-lik hissədə həyata keçirilir. Layihə üzrə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün 2 yol ötürücüsü və 3 piyada keçidinin inşası nəzərdə tutulub», - deyə «Azəryolservis»dən bildirilib.

ASC-dən həmçinin bildirilib ki, artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, bir yol ötürücüsü, bir piyada keçidi və yolun 5 km-lik hissəsində işlər tamamlanıb. Qeyd olunan hissənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR