Əli Həsənov: “Dağlıq Qarabağda separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sərkisyan olub”

Əli Həsənov: “Dağlıq Qarabağda separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sərkisyan olub”
# 17 fevral 2012 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Dünya ictimaiyyətinin əksər hissəsi bilir ki, Xocalı hadisəsi törədilən zaman Sovet ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan istifadə olunub. Separatçılıq hərəkatının başında duranlar isə Robert Köçəryan və Serj Sərkisyan olub. Ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir”. APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin Xocalı soyqırımının törədilməsində rolu olan Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyanın İnterpol xəttilə axtarışa verilməsi barədə sualını belə şərh edib.

O bildirib ki, sənədləşmə başa çatdıqdan sonra cinayətkarların cəzaya çatdırılması üçün beynəlxalq səviyyədə müraciət etmək olar: “Bu cinayətləri sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Hesab edirik ki, hüquq-mühafizə orqanları bu işin öhdəsindən gələcək. Ermənistan bu gün çox ciddi şəkildə türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə bütün dünya müsəlmanlarına qarşı ciddi ideoloji müharibə aparır. Hesab edirəm ki bu problemlə bağlı heç bir diplomatik qaydaları gözləmək lazım deyil. Diplomatlarımız da, hökumət məmurlarımız da istənilən tədbirdə günahkarın üzünə onun günahını açıq deməlidir. Burada diplomatik gediş etməyin yeri deyil. Biz adətən beynəlxalq qurumları ikili standartlarda günahlandırırıq, özümüz niyə ikibaşlı danışmalıyıq? Burada məsələ tək Ermənistanla deyil, onlara kömək edənlər də var. Bu məsələləri açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.

Dövlət Komitəsinin sədri bildirib ki, Fransa Senatında qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanun qəbul olunduqdan sonra müəyyən qarşı addımlar atılıb: “Biz belə qərara gəldik ki, Qaradağlı faciəsi ilə bağlı saytı Fransız dilinə də tərcümə edək. Qoy fransız ictimaiyyəti də bu faciədən xəbər tutsun. Fransanın 126 senatorunun qəbul etdiyi qərarı bütövlükdə fransız xalqının adına yazmaq düzgün deyil. Sadə fransızların bu faciədən xəbəri yoxdur. Sadə fransızın günahı deyil ki, o senatoru seçir, senator da gedib erməni puluna satılır, seçicisinə qarşı çıxır. Bu qərar fransız xalqına da qarşıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR