Gürcüstan prezidenti Marneulidə Ədliyyə Evinin və “Çay Evi”nin açılışını həyata keçirib

Gürcüstan prezidenti Marneulidə Ədliyyə Evinin və “Çay Evi”nin açılışını həyata keçirib
# 10 sentyabr 2012 19:48 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzi meydanında müasir standartlara cavab verən yeni tikilmiş 1500 kv. metrlik Ədliyyə Evinin açılışını həyata keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ədliyyə Evində regional prokurorluq, dövlət inkişafı agentliyi olan reyestr xidməti, milli arxiv, milli icraedici büro, notarial xidmət və nikah qeydiyyat şöbəsi və gənclərə aid yeni layihələr fəaliyyət göstərəcək. Burada 70 nəfər işlə təmin olunub.

Açılışdan sonra ölkə prezidenti Marneuli şəhər sakinləri qarşısında çıxış edib. “Biz yeni tikilmiş Gürcüstanı heç kimə, o cümlədən onu uçuranlara və gəmiricilərə verməyəcəyik! Üç gün bundan əvvəl Gürcüstan bütün dünyaya göstərdi ki, gürcü xalqı vahid bir xalqdır. Biz irəliyə doğru hərəkət etməliyik”, deyə prezident bildirib.

Gürcüstan prezidenti çıxışında yeni siyasətçilərin meydana gəldiyini, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların gənc nəslinin içərisindən çıxan siyasətçilər də olduğunu bildirib. “Gürcüstanda yaşayan azərbaycanlılar əməksevər bir xalqdır. Biz azərbaycanlılarımızın mədəniyyəti ilə fəxr edirik. Lakin irəli getmək üçün gürcü dilini və digər dilləri hamı öyrənməlidir. Bütün etnik qrupların siyasi proseslərdə iştirakı lazımdır. Gürcüstanda azərbaycanlıların yeni nəsli siyasətdə iştirak edir. Bu, siyasət meydanında uğur əldə etmək üçün böyük bir fürsətdir. Hamımız Marneuli ilə və sizin hamınızla fəxr edirik”, deyə Gürcüstan prezidenti öz müraciətində vurğulayıb.

Sonra Mixail Saakaşvili ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə birlikdə Marneuli şəhərinin mərkəzində yenicə tikilən “Çay Evi”nin qarşısında Nizami Gəncəvi və Şota Rustavelinin surətləri həkk edilən barelyefin açılışını həyata keçirdikdən sonra Rövnəq Abdullayevi Gürcüstanın “Şərəf” ordeni ilə təltif edib. Sonra prezident “Çay Evi”nin açılış lentini kəsib. O, Gürcüstan və Azərbaycan rəsmiləri ilə birlikdə “Çay Evi”ndə fəaliyyət göstərən rəqs, şahmat və rəsm və digər dərnəklərin fəaliyyəti ilə tanış olub və müsbət fikirlərini açıqlayıb.

Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin ona “Şərəf” ordenini təqdim edəcəyindən əvvəlcədən xəbəri olmadığını bildirib. “Mən heç düşünməzdim ki, məni bu ordenə layiq görələr. Biz bu gün Gürcüstan prezidentinin bu ölkədə SOCAR-ın gördüyü bütün işlərə böyük qiymət verdiyini gördük. “Çay Evi”ndə gənclərimiz dil öyrənəcək, kompüter kurslarına gedəcək. Ümumiyyətlə burada gənclərimizin inkişafı üçün bütün şərait yaradılıb”.

ARDNŞ-in prezidenti Rusiyanın Gürcüstandakı aktivləri aldıqlarını qeyd edib: “Biz Rusiyanın “İtera” şirkətinin Gürcüstanda bütün aktivlərini aldıq. Bunu daha açıq deyə bilərik. Bolnisidə, Kutaisidə və Telavi şəhərlərində də olan aktivlər də bizə keçdi. Biz Gürcüstanın qazlaşdırılmasında daha fəal işlər görürük. Gürcüstanda yaşayan azərbaycanlıların sosial həyat tərzini daha da yaxşılaşdırmaq üçün böyük işlər həyata keçiririk”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR