Böyük Britaniya bankı İrana qarşı sanksiyaları pozduğuna görə 340 milyon dollar cərimə ödəyəcək

Böyük Britaniya bankı İrana qarşı sanksiyaları pozduğuna görə 340 milyon dollar cərimə ödəyəcək
# 15 avqust 2012 14:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırılan Böyük Britaniyanın “Standart and Chartered” bankı 340 milyon dollar cəriməsi ödəməyə razılaşıb. APA-nın məlumatına görə, bankın İdarə Heyətinin rəhbəri Piter Sandsla Nyu-Yorkun maliyyə nəzarəti orqanları arasında əldə olunmuş razılaşmadan sonra bu gün keçirilməsi planlaşdırılan məhkəmə prosesi təxirə salınıb.

Bank İranla həyata keçirilən bəzi əməliyyatların ABŞ sanksiyalarını pozduğunu qəbul etsə də, bu əməliyyatların məbləğinin yalnız 14 milyon dollar olduğunu bildirirdi. Nyu-York şəhərindəki maliyyə nəzarət orqanı DFS-də verilən açıqlamada isə bildirilir ki, tərəflər haqqında danışılan əməliyyat miqdarının ən azı 250 milyard dollar olduğunu qəbul edib. Bankın yaydığı açıqlamada yalnız 340 milyon dollarlıq cərimə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu və ABŞ təşkilatları ilə lazımi əməkdaşlıq ediləcəyi vurğulanıb.

Razılaşmaya uyğun olaraq, bankın Nyu-York şöbəsində iki il müddətində pulların yuyulmasına nəzarət edəcək bir səlahiyyətlinin olmasına da qərar verilib.

Qeyd edək ki, “Standard and Chartered” bankı dünyanın 70 ölkəsində fəaliyyət göstərir və hər gün 190 milyard dollarlıq əməliyyat aparır. ABŞ-ın maliyyə nəzarəti orqanları bankı İran şirkətləri ilə qeyri-qanuni əməliyyatlar aparmaqda günahlandırıb. Nyu-York ştatının maliyyə xidmətləri departamentinin verdiyi məlumatlara əsasən, “Standard and Chartered” bankının ABŞ-dakı bölməsi 2001-2010-cu illərdə 60 minə yaxın belə əməliyyat həyata keçirib. Əməliyyatların ümumi dəyəri isə 250 milyard dollar olub.

“Standard and Chartered” İranın kəşfiyyat agentləri ilə əməliyyatları gizlətmək məqsədilə hesabatı bilərəkdən saxtalaşdırmaqda şübhəli bilinir. Maliyyə departamenti xidmətində belə hesab edirlər ki, bu qanunsuz əməliyyatlar banka 100 milyonlarla dollar qazandırıb. ABŞ-ın maliyyə nəzarəti orqanlarının fikrincə, “Standard and Chartered” bankının Böyük Britaniyadakı rəhbərliyi məsələdən xəbərdar olub. Çünki 2006-cı ildə bankın ABŞ-dakı bölməsində fəaliyyət göstərən top-menecerlərdən biri rəhbərliyə göndərdiyi məktubda onu banka qarşı ciddi cinayət ittihamların sürüləcəyi barədə xəbərdar edib. Lakin bank rəhbərliyi əvvəlcə ittihamları təkzib edib. “Standard and Chartered”dən bildiriblər ki, İrana qarşı sanksiyalara uyğun olaraq öz fəaliyyətlərini yoxlayacaqlar. Bank ona qarşı yönələn ittihamları əsassız sayaraq indiyədək apardığı əməliyyatların 99.9 faizini ABŞ hökumətinin tələbi ilə həyata keçirdiyini deyib. Bankın açıqlamasında qeyd olunub ki, onlar 5 il əvvəl iranlı müştəriləri ilə işləməkdən imtina ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR