Azərbaycanda qəsdən adam öldürməyə görə tutulan şəxsin 18 il axtarışda olduğu açıqlanıb

Azərbaycanda qəsdən adam öldürməyə görə tutulan şəxsin 18 il axtarışda olduğu açıqlanıb
# 17 may 2012 09:39 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Azərbaycanda qəsdən adam öldürməyə və qanunsuz odlu silah saxlamaya görə saxlanılan şəxsin 18 il axtarışda olduğu açıqlanıb. Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov APA-ya bildirib ki, saxlanılan 1970-ci ildə Mingəçevirdə anadan olmuş Rüstəmov Azad Aydınpaşa oğlu 1994-cü ildə Xanlar rayonunda qəsdən adam öldürdüyünə görə və qanunsuz odlu silah saxladığına görə axtarışda olub. Xanlar və Sabunçu rayon polis şöbələrinin 16 illik axtarış əməliyyatlarından sonra iş icraatı ötən il Mingəçevir şəhər Polis Şöbəsinə verilib. Mingəçevir şəhər Polis Şöbəsinin və Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları 18 ildir ki, axtarışda olan Azad Rüstəmovu Zabrat qəsəbəsində tutaraq istintaq təcridxanasına təhvil veriblər.
Mingəçevir şəhər Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polkovnik-leytenant Şahin Məmmədov APA-ya bildirib ki, Azad Rüstəmov tutularkən onun üzərindən saxta şəxsiyyət vəsiqəsi aşkar edilib. Şəxsiyyət vəsiqəsindəki şəkil Azad Rüstəmova məxsus olsa da, ad və familiya başqasına məxsusdur. Belə ki, A. Rüstəmov Sərdarov İldırım Nəzərəli oğlu adı ilə Nizami rayonu Balakişiyev küçəsi ev 6/10 ünvanında yaşayan şəxs kimi saxta yolla qeydiyyatda olaraq uzun müddət istintaqdan yayınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən açıqladığı məlumatda A. Rüstəmovun
2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olduğu bildirilib.
Məlumata görə, Mingəçevir ŞPŞ tərəfindən axtarışda olan Azad Rüstəmov Zabrat qəsəbəsindəki evində Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulub, üzərinə baxış zamanı onun fotoşəkili yapışdırılmış, lakin Bakı şəhər sakini İldırım Sərdarova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR