Nikolya Sarkozi rəsmən ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb

Nikolya Sarkozi rəsmən ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb
# 15 fevral 2012 21:43 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi prezident seçkilərinin birinci turuna 67 gün qalmış ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib.

O müvafiq qərarı bir neçə həftə əvvəl qəbul etdiyini qeyd edib.

«Mən bu qərarı ona görə qəbul etmişəm ki, son üç ildə dalbadal böhranlarla üzləşən Fransa, Avropa və dünyanın düşdüyü vəziyyətdə bir daha etimad göstərilməsini xahiş etməmək vəzifədən getmək deməkdir. Tufan zamanı yorulduğunu və getmək istədiyini deyən gəmi kapitanı haqqında nə deyərlər?" deyə prezident bildirib.

Sarkozi «fransızlara deməyə sözünün olduğunu» bəyan edib.

«Fransızlar başa düşməlidirlər ki, əsas məsələ Fransanın güclü olacağı təqdirdə təhlükəsiz olması məsələsidir», deyə Sarkozi bildirib.

Onun rəqibi sosialist Fransua Olland Sarkozinin bəyanatında gözlənilməz heç nə olmadığını bəyan edib.

«Günün xəbərini bilirsiniz? Prezident-namizəd indi namizəd-prezidentdir. Çox dəhşətli xəbərdir! Bu əsl çevrilişdir, sensasiyadır! Amma etiraf edim ki, mən bunu təxmin edirdim. Bu xəbəri biz bir neçə həftədir ki, bilirik, əslində isə həmişə bilmişik. Prezident-namizəd artıq beş ildir ki, namizəddir. O prezident olduğu gündən kampaniyasına başlayıb», deyə Ruanda tərəfdarları qarşısında çıxış edən Olland bildirib.

Fransada iki turda keçirilən prezident seçkiləri aprelin 22-si və mayın 6-na təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR