London Yay Olimpiya Oyunlarının taekvondo hakimlərinin Bakıda start götürən seminarına həsr olunmuş mətbuat konfransı keçirilib

London Yay Olimpiya Oyunlarının taekvondo hakimlərinin Bakıda start götürən seminarına həsr olunmuş mətbuat konfransı keçirilib
# 28 fevral 2012 14:44 (UTC +04:00)
Bakı - APA. Bu gün Bakıda start götürən London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin I nəzəri-praktiki seminarı ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Jan-Mare Ayer, WTF-in Hakimlər Komitəsinin sədri, London Olimpiadasında taekvondo yarışlarının baş hakimi Şakir Çəlbat, London-2012-nin texniki nümayəndəsi Filip Boyerdor, WTF-in İdman Departamentinin rəhbəri Conkank Seo, Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Fizuli Musayev və seminara qatılan 30 ədalət təmsilçisi iştirak ediblər.

Konfransı yenicə baş katib vəzifəsinə seçilən Ayer açıb. O bildirib ki, Bakıda olmağından şaddır və burada hakimlərin seminarı üçün bütün lazımı şərait yaradılıb. Baş katibin sözlərinə görə, Azərbaycana Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Vo Ço da gəlmək istəsə də, işlərinin çox olması səbəbindən səfəri alınmayıb.

Ayer daha sonra qurum rəhbərinin müraciətini referilərə çatdırıb. “Mən hamınızı London-2012-də hakimlik edəcəyinizlə bağlı təbrik edirəm. Biz Olimpiya Oyunları üçün ən layiqli ədalət təmsilçilərini seçmişik. İlk dəfə Londonda elektron jiletlərdən istifadə olunacaq və bunun üçün sizin üzərinizə böyük məsuliyyət düşür. İnanıram ki, bütün qərarlarınız dəqiq və obyektiv olacaq. Çünki taekvondo idman növünün Olimpiadada qalması sizin də qərarlarınızdan asılıdır. Biz layiqli hakimliklə dünyaya bildirmək istəyirik ki, Olimpiya Oyunlarında heç bir idmançının hüququ pozulmayacaq. Bunu sizlər yeniyetmələr arasında keçirilən Sinqapur Olimpiadasında da sübut etdiniz. London Olimpiya Oyunlarına kimi isə siz hamınız Misirdə keçiriləcək gənclərin dünya çempionatında da hakim olacaqsınız. Siz hər bir yarışda daha da əzmlə çalışmalısınız ki, Olimpiada ailəsində yerimizi qoruyaq”.

Sonra Musayev qonaqları ATF-in prezidenti Kəmaləddin Heydərovun adından salamlayıb və bu seminarı Bakıya həvalə etdiyi üçün WTF rəhbərliyinə minnətdarlığını bildirib: “Taekvondo yarışlarının və tədbirlərinin Azərbaycan keçirilməsi ənənəyə çevrilib. Belə bir seminarın Bakıda keçirilməsi bizim üçün şərəfdir. Çünki Olimpiadada ən çətin işlər sizin üzərinizə düşəcək. İnanıram ki, bu seçilmişlər Londonda layiqli hakimlik edəcəklər. Bakı 2020-ci il Olimpiadasına ev sahibliyi etmək üçün iddiasını irəli sürüb. Arzu edirəm ki, qalib biz olaq və siz burada da referilik edəsiz”.

Musayev həmçinin, taekvondonun 2016-cı il Olimpiya Oyunlarının proqramda qaldığını bir daha nəzərə çatdırıb və 2020-ci ildə də bu idman növünün olacağına inandığını deyib.

Çəlbat isə seminara ev sahibliyi edən ATF-ə öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, 30 hakim müəyyən yarışlardan ələnə-ələnə gəlib: “Son olaraq, 60 referi qalmışdı ki, onlar arasında seçim etdik. Bunlar ədalətli və dəqiq qərarlarına görə fərqləndilər”.

Bakıdakı seminar əsasən hakimlərin təhsillərinin artırılmasına, xalların verilməsi üzərində işlənilməsinə və idmançıların simulyasiyasına qarşı keçirilir.

Sonda Ayer bildirib ki, Pekin-2008-lə müqayisədə London-2012-də hakimlik sayəsində böyük tərəqqiyə nail olublar. Onun sözlərinə görə, son 2 olimpiada ilə yeganə fərq Böyük Britaniyada elektron jiletlərin istifadəsi olacaq.

Qeyd edək ki, seminar martın 2-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR