Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrinin əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrinin  əməkdaşlığı müzakirə edilib  - <span style="color: red;">FOTO
# 19 dekabr 2013 11:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Telavi rayonundakı Lopota kəndində Azərbaycan və Gürcüstanın dövlət strukturlarının, Azərbaycan və gürcü jurnalistləri, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığına dair regional konfransı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası” mövzusunda baş tutub. Tədbiri “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının rəhbəri Aleksey Sakaryev açıb. Gürcüstan Avropa və Avrointeqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Mariam Rakviaşviliyə çıxışında Gürcüstan və Azərbaycan arasında bir sıra iqtisadi layihələrin həyata keçirildiyini bildirib: “Bugünkü layihə isə Avropa Birliyi tərəfindən sərhədyanı ərazilər səviyyəsində əməkdaşlığın inkişafına təkan verəcək. Biz əməkdaşlığa hazırıq”.

Tədbirdə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli, Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Filip Berhard və başqaları çıxış edərək “Şərq Tərəfdaşlığı” ölkələrinin əməkdaşlığını, o cümlədən Azərbaycan və Gürcüstanın regional əməkdaşlığının vacib bir addım olduğunu bildiriblər. AB nümayəndəsi bildirib ki, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən AB-nin nümayəndəlikləri bu regional proqrama böyük əhəmiyyət verirlər.

Regional konfransda “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası” layihəsinin təqdimatı da keçirilib. Layihəni “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının rəhbəri Aleksey Sakaryev təqdim edib. O, təqdimat mərasimində bu proqramın Azərbaycan-Gürcüstan, Ermənistan-Gürcüstan, Belarus-Ukrayna, Moldova-Ukrayna regionlarını əhatə etdiyini bildirib və bu 4 layihəyə Avropa Birliyi tərəfindən 12,5 mln avro vəsait ayrıldığını qeyd edib.

Sonra tədbir iştirakçılarının suallarına cavab verilib.

Tədbirdə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçisi Sahib Məmmədov çıxış edib. O, çıxışında sərhədyanı əməkdaşlığın həyata keçirilməsinin vacib olduğunu deyib: “Vətəndaş cəmiyyətin bu proseslərdə iştirakı vacibdir”.

Tədbirdə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Şəki və Zaqatala bölgəsi üzrə nümayəndəsi Tural Xəlilov regional inkişaf proqramının bu regionlarda da inkişaf etdirildiyini və rayonların iqtisadi inkişafı barədə ətraflı məlumat verib.

Tədbirdə Zaqatala, Şəki, Gəncə, Qazax, Kaxetiya bölgələrindən gələn müxtəlif təşkilatların nümayəndələri də çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR