“Müasir hüquq ədəbiyyatı vasitəsi ilə müasir incəsənətin təbliği” adlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

“Müasir hüquq ədəbiyyatı vasitəsi ilə müasir incəsənətin təbliği” adlı tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün “YARAT” Müasir İncəsənət Məkanının YAY Qalereyasında “Müasir hüquq ədəbiyyatı vasitəsi ilə müasir incəsənətin təbliği” adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli bildirib ki, təşkilatın hüquq islahatlarına dəstək məqsədilə icra etdiyi müxtəlif layihələrdən biri də gənc hüquqşünasların təhsilinə dəstək məqsədilə həyata keçirilən “Müasir hüquq ədəbiyyatının nəşri və tələbələr arasında pulsuz yayımı”dır. Onun sözlərinə görə, nüfuzlu milli və beynəlxalq təşkilatların dəstəyi nəticəsində bu günədək 7 hüquq ədəbiyyatı nəşr olunub: “Müasir incəsənətin təbliğinə dəstək və gənclər arasında tanıtımı məqsədilə hüquq ədəbiyyatlarının cildində “YARAT” Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir”.

“YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova isə çıxışında onlara işlərində göstərdiyi dəstəyə görə hər bir kəsə təşəkkürlərini bildirib : “İnanıram ki, gələcəkdə də birgə və daha böyük layihələr icra olunacaq ki, bunun nəticəsində də insanlarda incəsənətin bu növünə maraq artacaq. “YARAT Müasir İncəsənət Məkanı” müstəqil qeyri-hökumət təşkilatıdır. Onun əsas məqsədi Azərbaycanda müasir incəsənətin inkişafına şəxsən yardım etmək, ölkədə və xaricdə sərgilər, festivallar, seminarlar, ustad dərsləri və respublika rəssamlarının təbliğinə yönəlmiş müxtəlif tədris-maarifləndirici tədbirlər keçirməkdir”.

Deputat Rəfael Hüseynov bildirib ki, “YARAT” Müasir İncəsənət Məkanı xeyirxah işlərlə məşğuldur və bunun zirvəsində dayanan gözəllikdir. Onun sözlərinə görə, mərkəz ən yeni sənəti və baxışı ifadə edən gəncliyin inkişafına xidmət edir: “Azərbaycan Hüquqşünasları Konfederasiyası da mühüm işlər görür və ölkədə hüquq düşüncəsinin daha da təkmilləşməsinə xidmət göstərir. Amma bugünkü tədbirdə iki xeyirxahlıq və gözəllik birləşib. Yeni nəşrlərin, kitabların son səhifələrində “YARAT” Müasir İncəsənət Məkanının rəssamlarının əl işləri yer alıb ki, bu da sənətin populyarlaşması, sənətin bütün təbəqələr tərəfindən qəbuluna, tanınmasına töhfələr verir. Belə əməkdaşlıq sənətin, gənc rəssamlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkili Fəttah Heydərov və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə hazırladığı kitablar dünya və Azərbaycan alimlərinin rəyi ilə çap olunub. 1000 tirajla çap olunmuş kitablar pulsuz yayılır. Hüquq ədəbiyyatlarının çap olunmasında AHK Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə əməkdaşlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR