Əlaəddin Burucerdi: “Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılmalıdır”

Əlaəddin Burucerdi: “Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılmalıdır”
# 28 oktyabr 2013 07:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrində “Fordo” nüvə obyekti “qırmızı xətti”mizdir və bağlana bilməz”.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi bildirib.

Onun sözlərinə görə, “Ümid və tədbir" şüarı ilə prezident seçkilərini qazanan və ölkədə yeni bir atmosfer meydana gətirən Həsən Ruhani bütün qərblilərin proqnozlarını alt-üst etdi.

Ə.Burucerdi son on ildə İranla ABŞ arasında nüvə mövzusunda mövcud olan problemlərə toxunaraq, İrana qarşı sanksiyalar tətbiq edən və sərt qərarlar çıxaran ABŞ və müttəfiqlərinin siyasi və beynəlxalq sahədə itki verdiklərini, İranın isə nüvə elminə bütün incəliklərinə qədər yiyələndiyini deyib: “İran nüvə elminə sahib olub və son illərdə iranlı elm adamlarının bu sahə ilə bağlı məlumatları artıb. Bu gün İranda olduğu kimi, Qərbdə də atmosfer dəyişmiş vəziyyətdədir və bəzi kilidlər açılıb. Artıq İran ABŞ-la yeni qərarlar almaq ərəfəsindədir. Hazırda avropalı heyətlər İrana üz tuturlar, bu isə beynəlxalq arenanın İranın xeyrinə dəyişilməsinin əyanı sübutudur. Ona görə biz də öz milli mənfəətlərimizə görə qərar verəcəyik”.

Deputat vurğulayıb ki, beynəlxalq sahədə ölkəsinə qarşı mövqe dəyişib: “İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyi nüvə müzakirələrini aparan ölkənin nümayəndə heyətinə etimad göstərir. Ancaq strateji mövzularda ali dini liderin məlumatı və istiqamətləndirməsi olmadan heç bir qərar alına bilməz. Əgər ayətullah Xamneyi yol göstərməsəydi, şübhəsiz. İran son on ildə haqsız döyüşdən qalib çıxa bilməzdi”.

Ə.Burucerdi İraq və Suriyanın nüvə obyektlərini bombalayan İsrailin İranın nüvə obyektinə hərbi müdaxiləyə cürət etmədiyini də söyləyib: “Biz elə şərtlər meydana gətirdik ki, israillilər belə bir axmaqlığa cəhd etsələr, müvəffəqiyyətli ola bilməyəcəklər. Çünki “Fordo” nüvə obyekti bombalanmadan heç bir təsir görə bilməz. Ona görə də ABŞ İranla yeni şərtlərdə bir sözlə razılaşmağa hazırdır. Lakin İran ABŞ-a etimad etmir”.

Komissiya sədri İranın heç bir şərtlə uranın zənginləşdirilməsi işlərini dayandırmayacağını bildirib: “Qərb ölkələrinin İranın nüvə haqqını tanıması lazımdır və bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR