Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 26% artıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri 26% artıb
# 03 oktyabr 2013 11:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin məcmu həcmi son bir ildə 693,0 mln. manat və ya 25,6% artaraq 2013-cü il sentyabrın 1-nə 3 398,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində xarici öhdəliklər 324,9 mln. manat və ya 10,6%, təkcə avqust ayında isə 25,3 mln. manat və ya 0,8% artıb:

Göründüyü kimi, may ayındakı kiçik azalmadan sonra bankların xarici öhdəlikləri üzrə artım dinamikası bərpa olunub. Bu amil birmənalı qiymətləndirilməməlidir. Çünki bir tərəfdən bu, xarici maliyyə institutlarının Azərbaycan banklarına etibarının yüksək olduğunu göstərir. Digər tərəfdən isə xarici öhdəliklərin artımı və onların yüksək həcmdə olması bank sistemi üçün müəyyən təhlükələr yaradır: tərəfdaş maliyyə bazarlarında böhran yarandığı təqdirdə vəsaitlərin vaxtından əvvəl geri qaytarılması ehtimalları artır. Lakin bununla yanaşı, Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi ümumi sistem üzrə passivlərin təxminən 18%-ni təşkil edir ki, bu da beynəlxalq praktikaya görə böyük və təhlükə yarada biləcək rəqəm deyil.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü il sentyabrın 1-nə 2 094,2 mln. manat təşkil edib, bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 293,8 mln. manat və ya 16,3% çoxdur. O cümlədən, bu ilin yanvar-avqust ayları ərzində 78,1 mln. manat və ya 3,9%, avqustda isə 144,9 mln. manat və ya 6,5% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR