Nobel mükafatçısı: “Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır”

Nobel mükafatçısı: “Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır”
# 21 may 2014 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır.

APA-Economics”in məlumatına görə, bunu Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas S.Sargent jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu tədbirdə gömrük siyasətləri ilə bağlı müzakirələr də aparılacaq: “Bu məsələlər məni çox maraqlandırdığı üçün tədbirdə iştirak edirəm.”

T.S.Sargent qeyd edib ki, iqtisadçılar əsasən üç məsələni daim diqqət mərkəzində saxlayırlar: “Bunlar açıq sərhədlər, azad ticarət və beynəlxalq rəqabətdir. Bunlar da ticarət və gömrük işinin daha da asanlaşdırılmasına və təkmilləşdirilməsinə kömək edən əsas amillərdir.”

Nobel mükafatçısı Bakıya ilk dəfə gəldiyini diqqətə çatdırıb: “Şəhərinizin bu qədər gözəl və ecazkar olması məni dərindən valeh edib. Əvvəllər Bakı ilə bağlı internet vasitəsilə məlumat toplayır və izləyirdim. Bu gün isə şəhəri gördüyüm üçün tamam fərqli təəssürat yaşayıram”.

Qeyd edək ki, Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR