Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin yeni xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin yeni xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 20 dekabr 2013 07:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin yeni xarici işlər naziri Sirociddin Aslovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, A.Həsənov S.Aslovu Tacikistanın xarici işlər naziri kimi yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun səmimi təbrik və Azərbaycana rəsmi dəvətinin əks olunduğu məktubu təqdim edib.

Səfir A.Həsənov 2013-cü ildə səfirliyin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirdiyi tədbirlər və 2014-cü ildə qarşısında duran vəzifələr haqqında həmsöhbətinə məlumat verib. Diplomat bildirib ki, 2013-cü il ərzində səfirliyin dəstəyi ilə Tacikistanın Düşənbə şəhəri ilə yanaşı, Xatlon, Suqd, Dağlıq Bədəxşan muxtar vilayəti regionlarında 13 konsert proqramı təşkil olunub. Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin Şərqin ilk operası olan “Leyli və Məcnun” operası tacik dilində və Tacikistan aktyorları ilə birgə Düşənbə şəhərində tamaşaya qoyulub.

Nazir S.Aslov təbriklərə görə minnətdarlığını bildirib, Azərbaycanın BMT TŞ-dəki fəaliyyətini yüksək qiymətləndirib.

Tərəflər imzalanmış sənədlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, o cümlədən iki ölkənin paytaxtları arasında birbaşa aviareysin bərpasının, Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında təcrübə mübadiləsi aparılmasının çox vacib olduğunu vurğulayıblar.

Nazir S.Aslov əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, hərtərəfli çiçəklənməsini məmnunluqla qeyd edib: “Sevindirici haldır ki, bu gün prezident İlham Əliyev tərəfindən müasir Azərbaycanın quruculuğu işi əzmlə davam etdirilir”. O, Azərbaycan investisiyasının bütün lazımi şərtlərin mövcud olduğu Tacikistan iqtisadiyyatına cəlb edilməsini arzuladığını ifadə edib. Nazir səfirin diqqətini iqtisadi, elmi-mədəni, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyinə yönəldib.

Görüşün sonunda səfir A.Həsənov nazirə və Tacikistan XİN-in kitabxanasına Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə tacik dilinə tərcümə edilərək çap olunmuş Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev: Şəxsiyyət və zaman” və Nikolay Zinkeviçin “Həyatın keşməkeşləri” (Ziqzaqi jizni) kitablarını hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR