Azərbaycanda iş yeridən verilən arayışlar elektron analoqlarla əvəz olunacaq

Azərbaycanda iş yeridən verilən arayışlar elektron analoqlarla əvəz olunacaq
# 13 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması proseduralarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin «elektron hökumət» portalı üzərindən tətbiqinə yaxın vaxtlarda başlanacaq.

Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilərək qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri də artıq başa çatdırılıb. Yeni proqram təminatı işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə elektron informasiya sisteminə daxil edə bilmələri və qeydiyyatdan keçirmələrinin asan şəkildə yerinə yetirilməsinə imkan verəcək.

Eyni zamanda, elektron informasiya sisteminə daxil ediləcək əmək müqaviləsi bildirişlərində işçilərin fərdi identifikasiya kodu öz əksini tapacaq. Bu isə işçilər barədə məlumatların həm əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, həm də işəgötürənlər tərəfindən avtomatik rejimdə əldə edilməsinə imkan verəcək.

Elektron informasiya sisteminin işə salınması ilk növbədə işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaq.

Beləliklə, elektron informasiya sistemi işçilərin əmək hüquqlarının, eyni zamanda gələcək sosial təminat hüququnun qorunmasında vacib məlumat mənbəyi rolunu oynayacaq. Nəticədə, işçi vətəndaşlardan onların iş yerləri, əmək haqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatları elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR