Ombudsman ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb

Ombudsman ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb
# 17 sentyabr 2013 16:45 (UTC +04:00)

Bakı – APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ölkəmizdə keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman qarşıdan gələn prezident seçkiləri ilə bağlı seçki hüquqlarının prioritet məsələ olduğunu diqqətə çatdırıb.

O, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin 11 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi” və 25 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini, seçki məntəqələrinin müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edildiyini, lazımi şəraitin yaradıldığını, veb-kameraların quraşdırıldığını, seçki hüquqları sahəsində müntəzəm maarifləndirmə işinin təşkil olunduğunu, MSK tərəfindən müşahidəçilər və polis əməkdaşları üçün yaddaş kitabçalarının və digər nəşrlərin hazırlandığını bildirib.

Bu günlərdə seçkilərlə bağlı görüşlərin keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərin siyahısının açıqlandığı nəzərə çatdırılıb.

Müvəkkil insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində davamlı fəaliyyət göstərdiyini, MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu, seçki hüququ ilə bağlı birgə treninq-seminarların keçirildiyini, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işinin səmərəli olduğunu, əvvəlki seçkilərdə olduğu kimi, Ombudsman və Aparatın əməkdaşlarının bu seçki prosesində də müşahidəçi qismində iştirak edəcəklərini vurğulayıb.

Əlilliyi olan şəxslərin və məntəqəyə gələ bilməyən şikəst ahılların seçki hüquqlarının da təmin edilməsinin Müvəkkilin diqqətində olduğu vurğulanıb.

Müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta Ombudsmanın bu sahədə fəaliyyətini müsbət qiymətləndirib. Görüş faydalı fikir mübadiləsi şəraitində keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR