Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
# 05 iyul 2016 15:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Xorvatiyanın Baş Prokurorluğu və Almaniya Federativ Respublikası (AFR) Saksoniya Torpağının Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 18-ci Beynəlxalq Forumu keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 ölkədən yüksək səviyyəli nümayəndə heyətinin qatıldığı tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Beynəlxalq əlaqələr idarəsinin xidmət rəhbəri İsmayıl Qayıbov və Quba rayon prokuroru Valeh Səmədovdan ibarət nümayəndə heyəti təmsil edib.

Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, insan alveri, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, odlu silahların qanunsuz alveri, Avropanın şərq və qərb marşrutları üzrə mütəşəkkil miqrant alveri, insan qaçaqmalçılığı, internet şəbəkəsinin radikallaşdırılması və terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzularında çıxışlar dinlənilib, iştirakçılar tərəfindən təcrübə mübadiləsi və müzakirələr aparılıb.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarca, Xorvatiyanın baş prokuroru Dinko Svetan, Belarusun baş prokuroru Aleksandr Konyuk, Gürcüstanın baş prokuroru İrakli Şotadze, Moldovanın baş prokuroru vəzifəsini icra edən Eduard Xarunjen və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR