Azərbaycanda Avropa Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə nəqliyyat-yol kompleksi üzrə tədbirlər planının ilkin variantı müzakirə olunub

Azərbaycanda Avropa Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə nəqliyyat-yol kompleksi üzrə tədbirlər planının ilkin variantı müzakirə olunub
# 13 mart 2013 08:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində 2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, işçi qrupunun rəhbəri nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə keçən iclasda qeyd edilib ki, oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş Tədbirlər Planından irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində Nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər görülməlidir.


İclasda Tədbirlər Planının ilkin variantı müzakirə edilib, 2013-2015-ci illərdə görüləcək işlərin istiqamətləri müəyyənləşdirilib. Avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı konkret təkliflərin verilməsi və martın sonunadək həmin təkliflərin yenidən müzakirəyə çıxarılması qərara alınıb.


Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun fevral 11-də imzaladığı əmri ilə Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyəti, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyində İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nəqliyyat Nazirliyi Aparatının struktur bölmələri, həmçinin Nazirliyin tabeli qurumları olan «Azərbaycan Dəmir Yolları» QSC, «Azəryolservis» ASC, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR